×
A
A
A
Sazlamalar

ANAMA: 9-cu mikrorayonda əl qumbarası tapılıb

Bakı, 14 oktyabr, AZƏRTAC

Oktyabrın 14-də saat 12:28-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakının Binəqədi rayonu 9-cu mikrorayon A.Məmmədov küçəsi 85 ünvanında əl qumbarasının tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən Agentliyin mobil əməliyyat qrupu, Binəqədi Rayon Polis İdarəsinin, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin (FHN XRXX) və Bakı Şəhər Təcili Tibbi Yardım Xidmətinin (103) əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri, polis əməkdaşları və XRXX-nin əməkdaşları əraziyə baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi təcrid olunub.
Aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində partladıcısı olmayan F-1 əl qumbarası aşkarlanıb. Qumbara zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Əl qumbarasının tapıldığı yerin ətrafına baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Agentlik tərəfindən yanvarın 1-də oktyabrın 14-dək 291 siqnal (əməliyyat çağırışı) əsasında 261 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub. Bu müddətdə ölkəmizin şəhər və rayonlarında 545 ədəd partlamamış hərbi sursat (PHS), piyada əleyhinə 17, tank əleyhinə 25 mina və müxtəlif çaplı 18 min 746 patron zərərsizləşdirilib. İlin əvvəlindən bu günədək 108 min 264 kvadratmetr ərazi yoxlanılıb.

Hadisə 2020-10-14 16:35:00