×
A
A
A
Sazlamalar

Doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak etmək üçün qeydiyyat müddəti uzadılıb

Bakı, 14 oktyabr, AZƏRTAC

2020-2021-ci tədris ili üçün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak etmək üçün namizədlərin qeydiyyatı oktyabrın 30-dək uzadılıb.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, doktorantura və dissertanturaya qəbul olunmaq üçün sənədlərini ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlara təqdim etmiş iddiaçılar DİM-in internet saytında “Şəxsi kabinet” yaratmalı və xarici dil üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər.
İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet”in pul hesabına imtahanda iştirak üçün tələb olunan 90 manat məbləğində pul vəsaitini (xarici dil imtahanından azad olunanlar istisna olmaqla) əlavə etməlidirlər. Qüvvədə olan müvafiq xarici dil sertifikatına malik namizədlər xarici dil imtahanından azad olunur və ərizənin təsdiqi zamanı heç bir ödəniş etmirlər. Digər namizədlər ərizələrini təsdiq edərkən onların şəxsi kabinetinin pul hesabından tələb olunan məbləğ (90 manat) silinir.
DİM müqayisə üçün bildirir ki, respublikamızda müvafiq xarici dil imtahanlarında iştirak üçün iddiaçılar aşağıdakı məbləğdə ödəniş etməli olurlar: IELTS – 350 manat, TOEFL – 306 manat, TestDaF – 290 manat, DELF – 115 manat, DALF – 130 manat.
Doktoranturaya və dissertanturaya qəbul imtahanı keçirilən hər hansı xarici dil (ingilis, alman və ya fransız dili) üzrə aşağıda göstərilən hər hansı magistratura ixtisaslaşmasını (filologiya (xarici dil və ədəbiyyat üzrə dilşünaslıq və ya ədəbiyyatşünaslıq), xarici dil və ədəbiyyat müəllimliyi, xarici dil müəllimliyi və tərcümə ixtisasları üzrə ixtisaslaşmaları) bitirən namizədlər doktoranturaya və dissertanturaya qəbul zamanı ixtisaslaşma dilini xarici dil kimi seçə bilməzlər:
060102 Dil və ədəbiyyat müəllimliyi
- Dil və ədəbiyyatın tədrisi metodikası və metodologiyası (ingilis, alman və ya fransız dili və ədəbiyyatı)
060103 Xarici dil müəllimliyi
- Xarici dilin tədrisi metodikası və metodologiyası (ingilis, alman və ya fransız dili)
060201 Filologiya
- Ədəbiyyatşünaslıq (ingilis, alman və ya fransız ədəbiyyatı)
- Ədəbiyyatşünaslıq (Amerika və Böyük Britaniya ədəbiyyatı)
- Ədəbiyyatşünaslıq (xarici ölkə xalqlarının ədəbiyyatı, Amerika ədəbiyyatı)
- Dilşünaslıq (ingilis, alman və ya fransız dili)
060203 Tərcümə
- Tərcümə (ingilis, alman və ya fransız dili)
- Sinxron tərcümə (ingilis, alman və ya fransız dili)
Yuxarıda qeyd olunan hər hansı magistr ixtisaslaşmasını bitirən namizədlər ixtisaslaşma dili olmayan digər iki dildən birini xarici dil kimi seçməli və həmin dildən qəbul imtahanı verməlidirlər.
Digər magistr ixtisaslaşmalarını bitirən şəxslərin xarici dil seçiminə məhdudiyyət qoyulmur, yəni onlar doktoranturaya və dissertanturaya qəbul zamanı xarici dil kimi ingilis, alman və ya fransız dilini seçə bilərlər.
Qeyd: Sənəd qəbulu zamanı xarici dil seçimini düzgün etməyən və ya seçdikləri xarici dili və ya bölməni dəyişmək istəyən, həmçinin məlumatlarında hansısa uyğunsuzluq və ya səhv olan şəxslər xarici dil imtahanına qeydiyyat aparılan müddət ərzində (şənbə və bazar günləri istisna olmaqla) sənəd verdikləri ali təhsil müəssisəsi, elmi müəssisə və ya təşkilata müraciət edərək, seçimlərini dəyişdirə və ya müvafiq düzəliş etdirə bilərlər.
Xarici dil üzrə qüvvədə olan və CEFR-in B2 və ya daha yüksək səviyyəsinə müvafiq beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olanlar DİM-in internet saytında şəxsi kabinet yaratdıqdan sonra şəxsiyyət vəsiqələrinin, sertifikatlarının və magistr təhsili haqqında diplomlarının əslini və surətini hər gün saat 10-dan 17-dək (saat 13-dən 14-dək nahar fasiləsidir) DİM-in Bakı şəhəri, Ə.Salamzadə küçəsi, 28 ünvanında (Asiya Universitetinin binasında) yerləşən ofisində yaradılan Sənəd qəbulu komissiyasına təqdim etməlidirlər. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi AMEA və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir. Təqdim edilmiş sertifikatların həqiqiliyi və qüvvədə olması yoxlanıldıqdan sonra onların sahibləri xarici dil üzrə qəbul imtahanından azad olunurlar.
Xarici dildən imtahanda keçid balını toplayan və ya DİM-ə qüvvədə olan sertifikat təqdim edən şəxslər fəlsəfədən imtahana buraxılırlar. Xarici dildən imtahanda iştirak etməyənlər və ya keçid balını toplamayanlar fəlsəfə üzrə imtahana buraxılmırlar.
Doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanı proqramları Azərbaycan və rus dillərində, həmçinin xarici dillər üzrə qəbul imtahanının məzmunu və strukturu haqqında məlumat DİM-in internet saytında yerləşdirilib.
Xarici dillər üzrə qəbul imtahanının tarixi haqqında yaxın günlərdə məlumat veriləcək.

Elm və təhsil 2020-10-14 16:13:00