×
A
A
A
Sazlamalar

Misirin ilahiyyatçı alimi: Ermənistan bölgədə böyük bəlaların mənbəyidir

Qahirə, 14 oktyabr, AZƏRTAC

Dünyada böyük nüfuza malik misirli professor Şeyx Əli Cümənin qiyamətin böyük əlamətlərindən olan “Yəcuc və Məcuc” qövmünün Ermənistandan olduğuna dair tədqiqatı sosial şəbəkələrdə yayımlanıb.
Qahirə Universitetinin professoru, tədqiqatçı-alim Seymur Nəsirov AZƏRTAC-ın müxbirinə bildirib ki, Şeyx Əli Cümə dəfələrlə öz çıxışlarında “Yəcuc və Məcuc” qövmünün Ermənistan ərazisindən çıxacağını qeyd edib. “Onlar Ermənistandan yola çıxacaq, Türkiyə, İran, Suriya, İraq və Livanı keçərək Fələstində Təbəri gölünə çatacaqlar”, - deyən Şeyx Əli Cümə əlavə edib ki, sonda Allah onları bir anda məhv edəcək.
S.Nəsirov əlavə edib ki, Şeyx Əli Cümə başqa bir çıxışında bu dediklərini böyük ərəb coğrafiyaşünas alim Məhəmməd İdrisinin öz kitabında 100 alimin təsbit etdiyini söyləyib. Onun istinad etdiyi mənbələrdən biri də hindistanlı alim Əbu Bəkir əl-Əzədbadidir.
Tədqiqatçı-alim qeyd edib ki, “Yəcuc və Məcuc” qövmü Qurani-Kərimin, Kəhf surəsinin 94-cü ayəsində Yer kürəsində fitnə-fəsad törədən qövm kimi göstərilir. Bu gün ermənilərin törətdikləri cinayətlər bir daha sübut edir ki, professor Şeyx Əli Cümənin bu fikirləri doğrudur.
Professor Şeyx Əli Cümə Misirin ən böyük dini alimlər heyətinin üzvüdür, 2003-2013-cü illərdə bu ölkənin baş müftisi olub. On ildir ki, dünyada ən çox nüfuza malik olan iyirmi müsəlman şəxsiyyətlərindən biri hesab edilir. O, 100-dən çox kitabın müəllifidir.


Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Elm və təhsil 2020-10-14 14:02:00