×
A
A
A
Sazlamalar

Gigiyenik qaydalara ciddi şəkildə riayət olunması ümumi qələbəmizə ən böyük töhfə ola bilər

Bakı, 14 oktyabr, AZƏRTAC

Hazırda ölkəmiz iki cəbhədə mübarizə aparır. Onun biri Qarabağ uğrunda savaşdırsa, digəri ilin əvvəllərindən bəri bütün dünyanın mübarizə apardığı yeni növ koronavirus (COVID-19) infeksiyasıdır. Mübarizənin biri müqəddəs Vətən torpağı, digəri isə can sağlamlığı uğrundadır. Lakin hər şeydən çox sevdiyimiz canımızı Vətən uğrunda fəda etməkdən çəkinmiriksə, onda doğma Qarabağın yağı düşməndən təmizlənməsi uğrunda aparılan savaş öndə dayanır.
Bu mövzuda AZƏRTAC-ın müxbiri ilə söhbət edən “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin sədri Ziba Nəbiyeva iki mübarizənin eyni vaxtda getməsinə baxmayaraq, koronavirus təhlükəsini unutmamağın vacibliyini qeyd edib: “Vətən də, can da şirindir. Lakin bu bir həqiqətdir ki, çox sevdiyimiz Vətəni qorumaq üçün sağlam cana sahib olmaq lazımdır. Bu gün haqq savaşında uzun illərdən bəri əsarət altında olan ərazilərin geri qaytarılması, xalqımızın öz tarixi torpaqlarına qovuşması bizi nə qədər sevindirirsə, COVID-19-la mübarizənin səngiməsi o qədər narahatlıq doğurur. Son günlər infeksiyaya yoluxanların gündəlik sayının 200-ü aşması, sağalanlarla yoluxanların dinamikasındakı fərq bu narahatlığı daha da gücləndirir. Aydındır ki, sentyabrın 27-dən bəri hamının diqqəti taleyüklü məsələnin həllinə yönəldilib, ölkəmizdə uşaqdan böyüyə hər kəsin ürəyi Qarabağla döyünür. Bu, əlbəttə ki, başadüşüləndir. Ancaq bu, neçə aylardan bəri dünyada çox böyük insan tələfatına, iqtisadi itkilərə səbəb olan koronavirusla mübarizədə qolumuzu yanımıza salmağa əsas vermir. Qafqazda bizimlə qonşu olan ölkələrdə yoluxma çox yüksək həddədir. Bu, ölkəmizin hər bir sakinini bəşəri təhlükə ilə mübarizəyə daha çox səfərbər etməlidir. Məsələ burasındadır ki, yoluxmanın artması həkim qıtlığına, xəstəxanalarda çarpayı çatışmazlığına səbəb ola bilər. Azərbaycan tarixinin yeni səhifələri yazılan bugünkü günlərdə döyüş meydanlarında yaralanan əsgərlərə tibbi yardım göstərilməsi üçün koronavirus cəbhəsində belə yüksək yoluxma hallarına yol verilməməlidir. Savaşın getməsi, xalqımızın müqəddəs və tarixi torpaqlarına qovuşmaq arzusu pandemiya ilə mübarizə cəbhəsinin öz aktuallığını itirməsinə səbəb olmamalıdır. Koronavirusla mübarizə nəinki bitməyib, bəlkə də indi əvvəlkindən daha çox diqqət və məsuliyyət tələb edir. Fəsil dəyişikliyi, bir sıra ölkələrdə xəstəliyin yeni dalğasının vüsət alması da bunu təsdiq edir”.
İctimai Birliyin sədri daha sonra deyib: “Küçədə və yolda, nəqliyyat vasitələrində, alış-veriş məkanlarında əvvəlkindən də diqqətli olmalı, infeksiyaya yoluxmanın yenidən genişlənməsi üçün münbit şərait yaratmamalıyıq. Payız-qış mövsümü qrip və digər respirator xəstəliklərdə artımın müşahidə olunduğu dövr olduğuna görə hər addımda yüksək vətəndaş məsuliyyəti, ayıq-sayıq olmaq tələb olunur. Bəzən kiçik bir qığılcım böyük bir tonqala, alova çevrilir. Virus infeksiyası ilə mübarizə də belədir. Bir-iki nəfərin məsuliyyətsiz davranışı, sayıqlığını itirməsi, onlarla, bəlkə də daha çox sağlam adamın həyatını risk altında qoya bilər. Bizdən tələb olunan nədir? Hər kəs öz evində, yaşadığı məhəllədə, iş yerində, onu əhatə edən dairədə tələb olunan qaydalara əməl olunması üçün ciddi təbliğat aparmalı və özü də bu sahədə onlara nümunə olmalıdır. Nə qədər çox deyilsə də, yenə də təkrarlamağa və virus həyatımızdan çəkilib gedənə qədər də xatırlatmağa ehtiyac var. Necə deyərlər, təkrar biliyin anasıdır. Gigiyena qaydalarına əməl edilməsi, kütləvi toplanma yerlərində maska taxılması, antiseptik və dezinfeksiya məhsullarından lazımi qədər istifadə olunması və sosial məsafənin saxlanılması başlıca və zəruri tələb olaraq qalır. Həmin qaydalara ciddi şəkildə riayət olunması ümumi qələbəmizə ən böyük töhfə ola bilər. Ona görə də ayıq-sayıq olmaq, vətəndaş məsuliyyəti nümayiş etdirmək zamanıdır. Yalnız belə olan təqdirdə sabaha nikbinliklə baxmaq, illərdən bəri sinəmizdə qövr edən arzuların həyata keçməsinə böyük ümidlər bəsləmək olar. Böyük arzulara yetişmək üçün hər çətinliyə dözməyə dəyər”.

Səhiyyə 2020-10-14 11:55:00