×
A
A
A
Sazlamalar

Neftçalada hər gün sahələrdən 680-700 ton pambıq yığılır

Neftçala, 14 oktyabr, Mahir Babayev, AZƏRTAC 

Neftçalada pambıq plantasiyalarından bu günə kimi 10 min 505 ton məhsul toplanılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə rayonda tədarük olunan məhsuldan 2 min 500 ton çoxdur. Hər gün plantasiyalardan 680-700 ton pambıq yığılır. İndiyədək yığılan pambığın 80-85 faizi maşınların köməyi ilə toplanılıb. Hazırda pambıq plantasiyalarında 32 pambıqyığan kombayn işləyir və hər gün tədarük olunan məhsulun yarıdan çoxu bu maşınların köməyi ilə toplanılır.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il rayonda 5 min 972 hektar sahədə pambıq əkilib. Torpaq mülkiyyətçiləri tərəfindən bitkiyə nümunəvi qulluq göstərildiyindən bu il sahələrdə məhsul boldur. Sahibkarlar yetişdirdikləri pambığın son qozasınadək toplamaq üçün bütün qüvvələrini sərf edirlər. Rayonun Xol, Boyat, Sarıqamış, Mirzəqurbanlı zonalarında yığım kompaniyası daha mütəşəkkil təşkil olunub. Dövlət tərəfindən qeyri-neft sektorunun, xüsusilə pambıqçılığın inkişafına göstərilən hərtərəfli dəstək bu zonalarda fəaliyyət göstərən fermerlərin pambıq əkininə olan marağını xeyli artırıb. Bu ərazilərdə fəaliyyət göstərən fermerlər bu mövsüm ötən ildəkindən qat-qat çox məhsul yetişdirib və birinci yığım aparılan sahələrin hər hektarından 20-25 sentner məhsul götürülür.
Qeyd edək ki, ötən il neftçalalı pambıqçılar sahələrdən 10 min 71 ton pambıq yığıblar.

Kənd təsərrüfatı 2020-10-14 11:01:00