×
A
A
A
Sazlamalar

Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti xalını qazanıb

Bakı, 13 oktyabr, AZƏRTAC

Oktyabrın 13-də futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasının 2020/2021-ci il mövsümündə növbəti xalını qazanıb.
AZƏRTAC xəbər verir ki, millimiz Kipr yığması ilə qarşılaşıb. Ermənistan ordusunun Azərbaycana qarşı genişmiqyaslı hərbi təxribatları ilə əlaqədar oyun neytral meydanda - Albaniyadakı Elbasan şəhər stadionunda keçirilib.
Komandamız Ermənistan silahlı qüvvələri tərəfindən respublikamızın müxtəlif şəhərlərinin və digər yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində dünyasını dəyişmiş mülki şəxslərin, dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq oyuna qara sarğı ilə çıxıb.
Azərbaycan millisinin heyətində meydana Şahrudin Məhəmmədliyev, Bəhlul Mustafazadə, Elvin Bədəlov, Abbas Hüseynov, Azər Salahlı, Anton Krivotsyuk, Qara Qarayev, İsmayıl İbrahimli, Ramil Şeydayev, Rəhim Sadıxov və Vüqar Mustafayev çıxıblar.
Kipr komandasının ilk onbirliyində isə Dimitris Dimitriou, Xristos Uiler, Konstantinos Laifis, Andreas Karo, Minas Antoniu, Qriqoris Kastanos, Kostakis Artimatas, Xaralambos Kiriaku, Marinos Tzionis, Dmitris Kristofi və Pieros Sotiryu yer alıblar.
Xorvatiyadan olan hakimlər briqadasının idarə etdiyi oyunda hesab açılmayıb. Bir neçə dəfə qol şansını əldən verən futbolçularımız qolsuz bərabərliklə kifayətləniblər. Hətta görüşün 27-ci dəqiqəsində Qara Qarayev penaltidən də rəqib qapısına yol tapa bilməyib. Nəticədə millimiz 1 xal əldə edib.
Matçın 5-ci dəqiqəsində sarı vərəqə alan millimizin futbolçusu Anton Krivotsyuk cəzalı duruma düşüb. Turnirdə ikinci dəfə sarı vərəqə alan 22 yaşlı müdafiəçi beşinci turda Monteneqro ilə ev matçını buraxmalı olacaq.
Hesabında 9 xal Monteneqro millisi qrupa liderlik edir. Lüksemburq 6 xalla ikinci, Azərbaycan isə 4 xalla üçüncü pillədə qərarlaşıb. Kipr seçməsi isə 1 xalla qrupda sonuncudur.
Qrupun digər oyununda bu gün Bakı vaxtı ilə saat 22:45-də Monteneqro millisi Lüksemburq yığmasını qəbul edəcək.

İdman 2020-10-13 22:35:00