×
A
A
A
Sazlamalar

BMT: Son iyirmi il ərzində 1,23 milyon nəfərin ölümü ilə nəticələnən 7 348 təbii fəlakət baş verib

Bakı, 13 oktyabr, AZƏRTAC

XXI əsrin ilk iki onilliyində müxtəlif növ təbii fəlakətlərin “son dərəcə heyrətləndirici” artımı müşahidə edilir. Zəlzələ, qasırğa, daşqın və digər təbii fəlakətlər çox sayda insanın ölümü ilə nəticələndi və böyük iqtisadi itkilərə səbəb oldu. Buna əlavə olaraq, dünyada demək olar ki, heç bir ölkə COVID-19 pandemiyası nəticəsində qorxunc infeksiya və ölümlər “dalğasının” qarşısını ala bilmədi.
Hər il təbii fəlakətlər milyonlarla insanın həyatını alt-üst edir - əzizlərini, əmlaklarını və mülklərini itirirlər. Bir çoxu evlərini tərk etmək məcburiyyətində qalır. Lakin, təbii fəlakətlərin nəticələrini yumşaltmaq və ya qarşısını almaq olar. AZƏRTAC xəbər verir ki, bu barədə BMT ekspertləri oktyabrın 13-də qeyd olunan Beynəlxalq Fəlakət riskinin azaldılması Günü ilə əlaqədar bildiriblər.
BMT-nin Fəlakət Riskinin Azaldılması İdarəsi bütün ölkələrə zəlzələ və sunamidən tutmuş yeni koronavirus kimi bioloji təhlükələrə qədər müxtəlif fəlakətlərə hazırlıq tədbirlərini artırmaq çağırışı ilə müraciət edib. Ekspertlər hesab edirlər ki, bu təhlükələr əsasən iqlim dəyişikliyinin nəticəsidir və zəngin ölkələri qlobal istiləşməyə gətirib çıxaran istixana qazı tullantılarının azaldılması üçün qəti addım atmamaqda günahlandırırlar.
BMT təbii fəlakətlərə hazırlıqla məşğul olan beynəlxalq və milli qurumların ölkələrin və ayrı-ayrı icmaların təbii fəlakətlərə hazırlığının artırılmasına və xilasetmə əməliyyatlarının təşkil edilməsinə müvəffəq olduqlarını qeyd edib. Onların səyləri və könüllülərin fədakar əməyi sayəsində bir çox insanın həyatını xilas etmək mümkün olur.
“Lakin onların imkanları ildən–ilə azalır, çünki sənaye cəhətdən inkişaf etmiş ölkələr atmosferə istixana qazları tullantılarının azaldılması ilə bağlı qəti tədbirlər görmürlər”, - deyə İdarə rəhbəri və Baş katibin fəlakət riskinin azaldılması məsələləri üzrə xüsusi nümayəndəsi Mami Mizutori bildirib.
BMT–nin məruzəsinə əsasən, son iki onillikdə bütün dünyada 7 348 təbii fəlakət baş verib, bu fəlakətlər nəticəsində təxminən 1,23 milyon insan - ildə təxminən 60 min nəfər həlak olub. Bununla yanaşı, kasıb ölkələrdə ölüm səviyyəsi varlı ölkələrlə müqayisədə dörd dəfə yüksəkdir. Ümumilikdə, bu əsrin ilk 20 ilində dörd milyarddan çox insan təbii fəlakətlərdən təsirlənib. İqtisadi ziyan isə 2.97 trilyon dollar təşkil edib. Müqayisə üçün: ötən 20 il ərzində – 1980-ci – 1999-cu illər – 4212 təbii fəlakət qeydə alınıb, nəticədə 1,19 milyon nəfər həlak olub və ümumilikdə üç milyarddan çox insana ziyan vurulub, iqtisadi itkilər 1,63 trilyon dollar təşkil edib.
Ekspertlər təbii fəlakətlərin sayının belə kəskin artımını iqlim dəyişikliyi ilə əlaqələndirir. Bununla belə, təbii fəlakətlərin 40 faizdən çoxu - sel, 28 faizi - qasırğa və səkkiz faizi zəlzələlərin payına düşür.
Bu, ekspertlərin fikrincə, qlobal istiləşmənin nəticələrinin bariz sübutudur. 2019-cu ildə orta qlobal temperatur sənaye dövründən əvvəlki dövrdən 1,1 dərəcə yüksək idi. Nəticədə quraqlıq, daşqın, fırtına, qasırğa və meşə yanğınları da daxil olmaqla ekstremal hava hadisələrinin sayında artım müşayiət edildi.
BMT ölkələrin 2015-ci ildə Parisdə verdikləri temperaturun sənaye dövründən əvvəlki dövrlə müqayisədə 1,5 dərəcədən çox artmasına imkan verməmək vədi yerinə yetirmədiklərini təəssüf hissi ilə qeyd edib.
Mami Mizutori, həyəcanverici elmi dəlillərə baxmayaraq, ölkələrin özlərini məhv etməyə davam etdiklərini vurğulayıb.
COVID-19 pandemiyasına gəldikdə, BMT "fəlakət riskinin idarə edilməsində bir çox çatışmazlığı aşkar etdiyini" bildirib və hökumətlərə təbii fəlakətlərin nəticələri ilə daha səmərəli mübarizə aparmaq üçün təcili tədbirlər görmələrini tövsiyə edib. Eyni zamanda, mütəxəssislərin fikrincə, uyğun strategiyalar hazırlanarkən, digərləri ilə yanaşı, yoxsulluq, iqlim dəyişikliyi, havanın çirklənməsi, nəzarətsiz urbanizasiya və flora və faunanın itkisi ilə əlaqəli bir çox risk faktorlarını nəzərə almaq lazımdır.
Son 20 ildə ekstremal hava hadisələrinin “kədərli norma” halına gəlməsinə baxmayaraq, yalnız 93 ölkə fəlakət riskinin idarə olunması üzrə milli strategiyalar hazırlayıb.
Baş katibin Xüsusi nümayəndəsi çox şeyin insandan, xüsusilə də alimlərin xəbərdarlıqlarına məhəl qoymayan dövlət rəhbərlərindən asılı olduğunu vurğulayıb.
Hazırda orta temperaturun 3.2 dərəcə və ya daha çox yüksəlməsi riski mövcuddur. Bu, sənaye cəhətdən inkişaf etmiş ölkələrin yaxın 10 il ərzində istixana qazı tullantılarının hər il ən azı 7,2 faiz azaldılmasını təmin edə bilməməsi halında baş verəcək.

Ekologiya 2020-10-13 17:49:00