×
A
A
A
Sazlamalar

ÜST kütləvi yoluxma yolu ilə koronavirusa qarşı kollektiv immunitet strategiyasını tənqid edib

Cenevrə, 13 oktyabr, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində kütləvi yoluxma yolu ilə kollektiv immunitet strategiyasının yolverilməz olduğu barədə xəbərdarlıq edib.
AZƏRTAC xəbər verir ki, təşkilatın rəhbəri Tedros Qebreyesus Cenevrədə pandemiyanın lap əvvəlindən tez-tez gündəmə gələn bu mövzu barədə tənqidi fikirlər səsləndirib. O bildirib ki, dünya səhiyyəsi tarixində heç zaman kollektiv immunitet hansısa epidemiyanın qarşısının alınması üçün istifadə edilməyib və belə bir strategiyadan pandemiyaya qarşı istifadədən danışmağa belə dəyməz. Belə bir addım həm etik, həm də elmi nöqteyi-nəzərdən problemlidir. Kollektiv immunitetə qızılca və ya poliomelit viruslarında olduğu kimi kütləvi yoluxma yolu ilə deyil, peyvəndləmə yolu ilə nail oluna bilər. Eyni zamanda elmə hələ tam olaraq məlum deyil ki, koronavirusa bir dəfə yoluxmaq insanı ikinci yoluxmadan nə dərəcədə qoruya bilər.
Dünyada koronavirusa yoluxma hallarının artmasına toxunan T. Qebreyesus diqqətə çatdırıb ki, infeksiyaya yeni yoluxmaların əsas hissəsi az sayda ölkələrin payına düşür. Bunlardan tam yarısı isə cəmi üç ölkədə qeydə alınıb. Bu da onu göstərir ki, virusa qarşı mübarizə tədbirlərinin təsir gücü yoluxmanın qarşısını almaq üçün əsas vasitədir. Pandemiyanın qeyri-bərabər şəkildə yayılması isə ona qarşı cavab tədbirlərini çətinləşdirir.

Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə 

Səhiyyə 2020-10-13 15:05:00