×
A
A
A
Sazlamalar

Tarix Muzeyinin etnoqrafik incisi – Baharı

Bakı, 13 oktyabr, AZƏRTAC

Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunun materialları içərisində Qarabağa məxsus Baharı geyim kolleksiyasının nadir inciləri sırasında qorunur.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, Baharı tünd qırmızı rəngli məxmər parçadan bel və ətək hissədən ibarət olaraq tikilib. Qırx beş santimetr uzunluğa malik ətək hissə büzməlidir. Dirsəyə qədər tikilmiş qolu düz biçilmiş, qoltuqaltı açıq saxlanılıb. Hər iki yandan kəsmə cib qoyulub. Bel və ətək hissədən ibarət olan geyimin yaxa kəsiyi boy və boy ətəyi, cib və qol ağzı tirmə parçadan qıyqacı köbəyə tutulub. Geyimə xüsusi gözəllik verən onun zəngin bəzəklə tərtibatıdır. Bu məqsədlə güləbətin və pilək tikmə üsullarından istifadə olunub. Haşiyənin kənarına sərmə-bafta tikilib. Azərbaycanın milli ornamenti olan butadan geniş istifadə olunması geyimin milli koloritini daha da zənginləşdirib.
Baharının dəyərini artıran cəhətlərdən biri də onun əllə tikilməsidir. Geyim XIX əsrə aiddir.

Elm və təhsil 2020-10-13 14:23:00