×
A
A
A
Sazlamalar

Azərbaycan Bəstəkarlar İttifaqı erməni silahlı qüvvələrinin Gəncənin mülki əhalisinə qarşı törətdiyi terror aktı ilə bağlı bəyanat yayıb

Bakı, 13 oktyabr, AZƏRTAC 

Azərbaycan Bəstəkarlar İttifaqı beynəlxalq hüquq normalarını kobudcasına pozan işğalçı erməni silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin mülki əhalisinə qarşı törədilmiş vandalizm aktı ilə bağlı bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir: “Humanitar atəşkəs rejiminə məhəl qoymayan ermənilər tərəfindən gecə saatlarında, dinc əhalinin öz evində yatdığı bir zamanda Gəncə şəhərinin ballistik raket ilə vurulması nəticəsində 10 nəfər mülki əhali, o cümlədən uşaqlar, qadınlar həlak olub, 34 nəfər yaralanıb, çoxsaylı mülki obyektlərə ciddi ziyan dəyib. Gəncə əhalisinin sayına görə Azərbaycanın ikinci iri şəhəri olmaqla yanaşı, həmçinin respublikanın ən böyük mədəni mərkəzlərindən biridir. Gəncə XII əsrdə yaşayıb-yaratmış dahi Azərbaycan şairi Nizami Gəncəvinin vətənidir. Burada çoxlu sayda qədim tarixi-memarlıq abidələri, o cümlədən, Nizami Gəncəvinin Məqbərəsi, muzeylər, məscidlər, karvansaralar və s. mövcuddur. Gəncə şəhərinin qədim musiqi ənənələrinə malik olması dahi şair Nizaminin şeirlərində öz əksini tapmışdır. Gəncə şəhəri həmçinin, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh, Fikrət Əmirov, Qəmbər Hüseynli və başqa görkəmli şəxsiyyətlərin vətənidir. Bu gün Gəncə öz fəal mədəni həyatına davam edir. Burada yeni tikilmiş F.Əmirov adına Gəncə Dövlət Filarmoniyası fəaliyyət göstərərək, klassik musiqidən ibarət konsertlərin, habelə maraqlı festivalların keçirildiyi məkana çevrilib. Azərbaycan Bəstəkarlar İttifaqının Gəncədə Bölgə Təşkilatı fəaliyyət göstərir. Hazırda təşkilata istedadlı bəstəkar və gözəl musiqiçi, Respublikanın Əməkdar artisti Məmməd Cəfərov rəhbərlik edərək, şəhərin musiqi-mədəni tədbirlərinin təşkilində əzmlə çalışır. Onun xidmətlərini nəzərə alaraq, Bəstəkarlar İttifaqı tərəfindən Bakıda bəstəkarın 60 illiyinə həsr olunmuş yubiley tədbirləri keçirilmiş və bu tədbirlər Respublikanın mətbuat səhifələrində işıqlandırılmışdır. ABİ-nin Gəncə Bölgə Təşkilatında həmçinin, musiqişünas, sənətşünaslıq üzrə elmlər doktoru, Gəncənin musiqi mədəniyyəti və incəsənət xadimləri haqqında çoxlu sayda elmi tədqiqatların müəllifi olan Sevda Qurbanəliyeva geniş fəaliyyət göstərir. S.Qurbanəliyevanın Bəstəkarlar İttifaqının zalında keçirilən “Nizami və musiqi” adlı kitabının təqdimatı böyük maraq və əks-səda doğurub. 2019-cu ilin iyun ayında Gəncə şəhərində Azərbaycan Bəstəkarlar İttifaqının yaranmasının 85 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində Səyyar Plenum keçirilib. Plenumda Xalq artisti, bəstəkar Sərdar Fərəcovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir. Plenumun proqramında Azərbaycan bəstəkarları – Ü.Hacıbəyli, A.Zeynallı Q.Qarayev, F.Əmirov, Niyazi, T.Quliyev, T.Hacıyev, D.Dadaşov, F.Əlizadə, C.Abbasov, S.Fərəcov, M.Cəfərov, C.Allahverdiyev, F.Allahverdi, Q.Məmmədov və başqalarının əsərləri ifa edilmişdir. Plenumun işinə yekun vuran musiqişünaslıq konfransı və dəyirmi masada Plenumun Gəncənin mədəni həyatında əhəmiyyəti qeyd olunub. Bu qədim şəhərin elmi və mədəni həyatında böyük əhəmiyyət kəsb edən hadisələrdən biri də burada “Zəriflik” Beynəlxalq Musiqi Festivalının keçirilməsi oldu. Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilmiş bu festivalda müxtəlif ölkələrdən məşhur opera müğənniləri Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə çıxış edib. Gəncənin zəngin mədəni həyatını əks etdirən bütün bu faktları xatırlayarkən, Ermənistanın Respublikamızın bu mühüm mədəni mərkəzinin dağıdılmasına və onun dinc əhalisinin məhv edilməsinə yönəlmiş barbarlıq hərəkətlərinə qarşı öz hiddətimizi və etirazımızı bildiririk. Azərbaycan Bəstəkarlar İttifaqının bütün üzvləri erməni işğalçılarını lənətləyir və doğma torpaqlarımızın azad edilməsi yolunda mübarizə aparan Azərbaycan Ordusunu hər zaman dəstəkləyir. Bu günlərdə Azərbaycan Bəstəkarlar İttifaqı Silahlı Qüvvələrə Yardım Fonduna 10 min manat ianə köçürüb. Bütün bəstəkarlarımız əsgərlərimizin döyüş ruhunu yüksəltmək üçün yeni mahnı və marşlar yazmağı özlərinə şərəfli vəzifə bilirlər. Respublika Radiosu və Televiziyası ilə verilən hər yeni informasiyadan sonra bəstəkarlarımızın yazdığı yeni vətənpərvərlik əsərləri səsləndirilir. Lirik səciyyəli əsərlərdən qəhrəmanlıq marşlarınadək müxtəlif üslubları əhatə edən bu əsərlərin hər birində sonsuz qələbəyə inam hissi aşılanır”.
Bəyanatda qeyd olunur ki, Azərbaycan Bəstəkarlar İttifaqı Ali Baş Komandan, Prezident İlham Əliyevi dəstəkləyir, işğalçı erməni silahlı qüvvələri tərəfindən humanitar atəşkəs rejimindən sonra Gəncənin mülki əhalisinə qarşı törədilmiş bu terror aktını lənətləyir, öz dərin hiddət və etirazını bəyan edir. Qarabağ Azərbaycandır!

Mədəniyyət 2020-10-13 12:44:00