×
A
A
A
Sazlamalar

BDU-nun müəllimi beynəlxalq onlayn tədbirdə Ermənistanın müharibə cinayətlərindən danışıb

Bakı, 13 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Sultan Zahidov Azərbaycan, İndoneziya və Pakistan arasında keçirilən “Ermənistan-Azərbaycan münaqişəsi: Siyasi elita və vətəndaş cəmiyyətinin rolu” adlı onlayn beynəlxalq panel iclasında iştirak edib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun İndoneziya Respublikasındakı nümayəndəliyinin rəhbəri Syafii Efendi Qarabağ müharibəsində Azərbaycanın ədalətli mövqeyindən və İslam Əməkdaşlıq Təşkilatının ölkəmizə dəstəyindən söz açıb.
S.Zahidov İndoneziya və Pakistanda təhsil alan doktorant və magistrantlar, o cümlədən müxtəlif QHT nümayəndələri üçün “Dağlıq Qarabağ münaqişəsinin tarixi və hazırkı Qarabağ müharibəsi ətrafında beynəlxalq siyasi kontekst” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə Dağlıq Qarabağ münaqişəsinin tarixi və nizamlanma prosesindən, bu ilin iyulunda ermənilərin törətdiyi Tovuz hadisələrindən bəhs edilib və hazırda davam edən Qarabağ müharibəsi və onun ətrafında cərəyan edən beynəlxalq siyasi proseslərə aydınlıq gətirilib. Məruzəçi Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini pozaraq Azərbaycanın mülki əhalisinə qarşı cinayət aktı törətməsindən, Gəncə şəhərində baş verən erməni terrorundan da danışıb.
Virtual tədbir İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun İndoneziya Respublikasındakı nümayəndəliyi, Azərbaycanın İndoneziyadakı səfirliyi və Pakistan İslam Respublikasında yerləşən “Kəşmir üçün Gənclər Forumu” adlı qurumun təşkilatçılığı ilə reallaşdırılıb.

Elm və təhsil 2020-10-13 12:05:00