×
A
A
A
Sazlamalar

Azərbaycan Dillər Universiteti Yaponiyanın təhsil müəssisəsi ilə əməkdaşlıq edəcək

Bakı, 13 oktyabr, AZƏRTAC 

Azərbaycan Dillər Universiteti (ADU) ilə Yaponiyanın “Nippon Academy” Təhsil Müəssisəsi arasında tələbə mübadiləsi üzrə anlaşma müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, ADU-nun yaponşünaslıq ixtisası üzrə təhsil alan və N4 yapon dili səviyyəsinə malik olan tələbələri 6 ay və yaxud 1 il müddətində “Nippon Academy” təhsil müəssisəsinin nəzdində fəaliyyət göstərən “Yapon dili” məktəbində təhsil alacaqlar.
ADU-dan AZƏRTAC-a bildirilib ki, tələbələr təhsil aldığı müddətdə ixtisasına uyğun gələn sahələrdə işləyib əməkhaqqı da ala biləcəklər. Bu da tələbələrə Yaponiyada yaşadığı və təhsil aldığı müddətdə yaşayış və təhsil xərclərinin böyük hissəsinin qarşılanmasına imkan verəcək. Tələbələr “Nippon Academy” təhsil müəssisəsinin nəzdində olan yataqxanalarda qala bilərlər.
Hər iki tərəf birgə elmi tədqiqat fəaliyyətinin reallaşdırılması, müəllif hüquqlarının qorunması şərti ilə informasiya və elmi nəşrlərin mübadiləsi, elmi tədbirlərin keçirilməsi üzrə əməkdaşlıq edəcək.
Bundan başqa, tələbələr üçün gələcəkdə həftədə 1 dəfə onlayn yapon dili dərslərinin keçirilməsi nəzərdə tutulur.

Elm və təhsil 2020-10-13 10:55:00