×
A
A
A
Sazlamalar

Bu gün Azərbaycan gəncliyi informasiya cəbhəsinin avanqardıdır

Bakı, 12 oktyabr, AZƏRTAC

Bu gün erməni lobbisinin və ermənipərəst qüvvələrin qarşısında intellektual, sistemli mübarizə aparan və ən əsası real faktlarla düşməni susduran Azərbaycan informasiya mexanizmi dayanır. Həmvətənlərimiz, xüsusilə gənclərimiz müxtəlif forumlarda və müzakirələrdə erməni lobbisinin, ermənilərin mövqeyindən çıxış edən məşhurların postlarının silinməsinə nail olurlar.
Bunu AZƏRTAC-a müsahibəsində “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı- ekspert Elnur Eltürk bildirib.
“Gənclərimizin fəallığı nəticəsində məşhur müğənnilər müxtəlif sosial şəbəkələrdə ermənilərin xeyrinə yazdıqları postları silməyə məcbur olublar. Onlar ictimai və sosial şəbəkələrdə təzyiqlərdən sonra bunu etməli olublar. Belə ki, minlərlə soydaşımızın məşhurların əleyhimizə yazdıqları postlara anındaca dəqiq faktlarla cavab verməsi və etiraz etməsi həm onları erməni oyununun qurbanına çevrilməsindən xilas edir, həm də səhv və yanlış etdiklərini bildirərək postlarını silirlər. Gənclərimizin bu fəaliyyəti hazırkı vəziyyətdə böyük uğurdur. Bu, informasiya blokadasının yarılmasına da böyük təsir göstərir. Demək olar ki, sosial şəbəkələrdə Ermənistan hakimiyyətinin işğalçılıq siyasəti faktı mükəmməl səviyyədə dünyaya çatdırılır. Dünən Ermənistan silahlı qüvvələrinin Vardenis şəhərindən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin mülki əhalisini raket atəşinə tutması ilə bağlı sosial şəbəkələrdə başladılan kampaniya çərçivəsində paylaşımlar bir milyonu keçdi. “Twitter” mikrobloqunda Azərbaycan vətəndaşlarının başlatdığı #PrayForGanja həştəqi üzrə paylaşımlar trend olub və müzakirə olunan mövzular arasında ilk sıralarda yer alıb. Bu həştəq üzrə dünyada 1 milyon 240 min tvit atılıb. “Vikipediya”nın xarici dil bölmələrində əsaslandırılmamış və bitərəfli məqalələrin redaktəsi istiqamətində “viki” könüllülərimiz uğurlu fəaliyyət göstərirlər”, - deyə Elnur Eltürk qeyd edib. O bildirib ki, diaspor sahəsində də böyük fəallıq müşahidə olunur. Xaricdə Azərbaycan diasporunun fəallığı göz qarşısındadır. Soydaşlarımız, o cümlədən gənclərimiz tərəfindən müxtəlif etiraz aksiyaları keçirilir, Ermənistanın işğalçılıq siyasəti dünya ictimaiyyətinə çatdırılır. Qürurla demək olar ki, bu gün Azərbaycan gəncliyi informasiya cəbhəsinin avanqardıdır.

Elm və təhsil 2020-10-12 15:52:00