×
A
A
A
Sazlamalar

Mir Cəlal adına İkinci Hekayə müsabiqəsi yekunlaşıb

Bakı, 12 oktyabr, AZƏRTAC

“Ədibin Evi” tərəfindən keçirilmiş Mir Cəlal adına İkinci Hekayə müsabiqəsi başa çatıb. Müsabiqədə 539 müəllif iştirak edib. Hekayələrin 218-i Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan, qalan əksəriyyəti isə müxtəlif regionlardan göndərilib. Bu sırada, Şəki şəhəri xüsusilə fərqlənib. Belə ki, təkcə Şəkidən 23 nəfər iştirakçı müsabiqədə iştirak edib. 182 məktəbli, 14 əcnəbi iştirakçılar sırasında yer alıb. Əcnəbi iştirakçılar Türkiyə (3 nəfər), Bosniya və Hersoqavina (2 nəfər), Gürcüstan (2 nəfər), İran (1 nəfər), Hindistan (1 nəfər), İndoneziya (1 nəfər), Serbiya (1 nəfər), Xorvatiya (1 nəfər), Litva (1 nəfər) və Belarusu ( 1 nəfər) təmsil edib. Hekayələr ümumilikdə Azərbaycan, İndoneziya, Bosniya, rus, türk, ingilis, serb, xorvat dilləri olmaqla - 8 dildə təqdim edilib.
AZƏRTAC xəbər verir ki, hekayələr 8 nəfərdən ibarət münsiflər heyəti tərəfindən dəyərləndirilib. Münsiflər heyətinin tərkibində Xalq yazıçıları Elçin, Kamal Abdulla, Xalq şairi Nəriman Həsənzadə, akademik Nizami Cəfərov, ədəbiyyatşünas alimlər Təhsin Mütəllimov, Şirindil Alışanlı, teatrşünas İlham Rəhimli və “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə yer alıb.
Müzakirələr zamanı münsiflər heyətinin ümumi rəyi belə olub ki, müasir dövrdə Azərbaycanda hekayə janrına maraq olduqca böyükdür. Müsabiqə iştirakçıların sayı, iştirakçıların müxtəlif yaş, təhsil, peşəkarlıq kateqoriyalarına aid olması bunu deməyə əsas verir. Eyni zamanda, İkinci Hekayə müsabiqəsində birinci hekayə müsabiqəsi ilə müqayisədə iştirakçıların sayının əhəmiyyətli dərəcədə artması onu göstərir ki, “Ədibin Evi”nin təşkil etdiyi müsabiqə bu sahəyə marağı daha da genişləndirib.
Müsabiqənin nəticələrinə gəldikdə isə, münsiflər heyəti müsabiqədə birinci yer üzrə mükafatın tələblərini doğruldan hekayənin olmadığı qənaətinə gələrək birinci yer üzrə qalib seçməyib. İkinci yer üzrə iki, üçüncü yer üzrə isə üç qalib müəyyən olunub. Birinci yer üçün ayrılan pul mükafatı isə həvəsləndirici mükafat qismində 6 iştirakçı arasında bərabər qaydada bölünüb. Belə ki, ikinci yer üzrə Tural Turan “Xalça oğrusu”, Sevinc Nuruqızı isə “Kəpənək ömrü” adlı hekayələrlə qalib olub. İkinci yer üzrə qaliblərin hər biri 2000 AZN məbləğində mükafatlandırılıb. Üçüncü yerə Fuad Əliyev, “Люди Геллерт Уайт”, Vaqif Nəsib “Badamlar çiçəkləyəndə” və Mirmehdi Ağaoğlu, “Yapon balığı” adlı hekayələrlə layiq görülüblər. Üçüncü yer üzrə qaliblərin hər biri 1000 AZN məbləğində mükafatlandırılıb. Bundan əlavə, Alpay Əhmədova (“Ay işığında tabut”), Esmira İsmayılovaya (“Bir, iki və son”), Nemət Rüstəmliyə (“Yağış yağsın və yağmasın”), Vahid Aslana (“Müəllim”), Qəşəm Nəcəfzadəyə (“Gəncə göyü”) və Pəri Ağakişiyevaya (“Tut ağacı”) həvəsləndirici mükafatlar verilib. Həvəsləndirici mükafatlar 500 AZN təşkil edib.
Qaliblər və həvəsləndirici mükafatlar alanlar arasında peşəkar jurnalistlər, dövrü mətbuatda mütəmadi dərc olunan müəlliflər var. Qaliblər sırasında yer alan Fuad Əliyev 132-134 nömrəli Təhsil Kompleksinin 8-ci sinif şagirdidir. Həvəsləndirici mükafat alan Pəri Ağakişiyeva isə İsveçdə magistr təhsilini yenicə bitirib.
Hazırda ölkəmizdə mövcud olan hərbi vəziyyəti və dünyada davam edən pandemiya vəziyyətini nəzərə alaraq, müsabiqənin yekunlarına dair tədbirin keçirilməsi təxirə salınsa da, mükafatlar sahiblərinə çatdırılacaq. Müzəffər ordumuzun torpaqlarımızın azad olunması uğrunda keçirdiyi döyüş əməliyyatları başa çatdıqdan sonra müvafiq tədbirin keçirilməsi nəzərdə tutulur. Mükafata layiq görülmüş hekayələr isə “Azərbaycan” jurnalının növbəti nömrələrində işıq üzü görəcəklər.
Qeyd edək ki, İçərişəhərdə yerləşən “Ədibin Evi” Azərbaycan dilini və ədəbiyyatını təbliğ edən yaradıcılıq mərkəzidir. Böyük alim, yazıçı və pedaqoq Mir Cəlal 1929-1941-ci illərdə bu evdə yaşamış, bir sıra məşhur əsərlərini də burada qələmə almışdır. Mir Cəlal XX əsrin əvvəllərində Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy Haqverdiyevin başladığı hekayəçilik ənənələrinin ən uğurlu davamçısı kimi Azərbaycan ədəbiyyatında kiçik hekayə ustası adını qazanmışdır. “Ədibin Evi” hekayə janrının inkişafına töhfə vermək məqsədilə iki ildən bir Mir Cəlal adına hekayə müsabiqəsi təşkil edir.
2017-ci ilin sentyabr ayında elan olunmuş birinci hekayə müsabiqəsinə 165-i məktəbli, 20-si əcnəbi vətəndaş olmaqla 389 nəfər iştirakçı tərəfindən 6 dildə hekayə təqdim edilmişdir. Qaliblər 2018-ci ilin may ayında “Ədibin Evi”ndə mükafatlandırılmışlar.

Mədəniyyət 2020-10-12 15:36:00