×
A
A
A
Sazlamalar

İrəvanda qədim abidələrimizdən “Hüseynəli xan məscidi”

Bakı, 12 oktyabr, AZƏRTAC

Ötən əsrin səksəninci illərinin sonunda qədim Oğuz yurdunun sakinləri olan azərbaycanlıların son nəfərinədək öz ata-baba torpaqlarından qovulması, didərgin, köçkün həyatı yaşamağa məruz qoyulması, XX əsrin son dərəcə qəddarlıq, vəhşiliklə müşayiət olunan siyasi təxribatı idi. Evləri yandırılmış, qışın sazaqlı-şaxtalı günlərində qarlı dağları aşaraq qaçmağa məhkum edilmiş soydaşlarımızın acı taleyi qəlbimizdə izi itməyən bir şırım açıb... Erməni vandallarının bununla ürəyi soyumadığından tipik müsəlman şəhəri olan İrəvanda, ümumən Qərbi Azərbaycanın hər yerində minillərin yadigarı olan tarixi abidələrimizi dağıtmağa, bir çox qədim tikililərimizi özününküləşdirməyə başladılar. İlk vaxtlar cinayətkar ermənilərin bədnam əməllərindən xəbərdar olanda Azərbaycan türkü olaraq təlaş, narahatlıq hissi ilə alovlanırdıq. Təəssüf ki, dağıdıcı, cinayətkar, qaniçən ermənilərin bu hərəkətlərini dayandırmağa səsimiz-ünümüz çatmadı, gücümüz yetmədi. Bununla bağlı beynəlxalq aləmdə yayılan xəbərlərə məhəl qoyulmadığından bu hadisələr İrəvan xanlığının tarixinə ağrılı bir səhifə kimi həkk olundu. Dünya cəmiyyətində ermənilərin bu kimi dağıdıcı əməllərinə əhəmiyyət verilməməsi, heç şübhəsiz, neçə yüzilliklər boyunca o torpaqların qədim sakinləri olan ata-babalarımızın ruhunu təhqir etmək, haqqını tapdalamaqla, dünya ictimaiyyətinə o ərazilərin ermənilərə məxsus olduğunu çatdırmaq kimi gülünc, həm də bədnam fikirlərin təsiri idi.
AZƏRTAC xəbər verir ki, bu sözlər yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasirin “İrəvanda qədim abidələrimizdən “Hüseynəli xan məscidi” sərlövhəli yazısında yer alıb. Yazını təqdim edirik.
Bu məlumatlar doğrudanmı son bir neçə onilliklər ərzində yayılmağa başlayıb? Əlbəttə yox! Tarixə müraciət edəndə görürük ki, bu istiqamətdə onların davamlı şəkildə apardığı iyrənc, əxlaqsız siyasətin kökü çox dərinlərə gedir. Hələ “dinc qonşuluq” şəraitində yaşadığımız vaxtlardan çox-çox əvvəllər də onlar bu istiqamətdə aşkarda, gizlində bizə qarşı maddi-mənəvi təxribatlar ediblər. Təəssüflər olsun ki, həmin vaxtlar hiyləgər, faşist xislətli hayların hüzurumuzda əyildiyi, qarşımızda qul kimi işlədiyi, boynunu bükdüyü vaxtlarda ürəyimizdəki Əli rəhmi gözlərimizi bağladığından onların çirkin, xəyanətkar əməllərini görməmişik.
Bu gün torpaqlarımızın 20 faizinin işğalı, bir milyondan artıq soydaşımızın dədə-baba yurdlarından qovulması, tarixi abidələrimizin məhv edilməsi, yeraltı-yerüstü sərvətlərimizin talanı erməni xəyanətlərinin nəticəsi deyilmi? Hələ də Qərbi Azərbaycanda ulu torpaqlarımızın, yurd yerlərimizin, bağların, dağların, dərələrin, zümrüd meşələrin, şır-şır bulaqların qədim, doğma sakinlərindən ötrü yollardan yığılmayan gözlərinin leysanı kəsilmir...
Mətləbdən uzaq düşməyək... Yaxın vaxtlarda klassik mətbuatımızı araşdırarkən ötən əsrin əvvəllərində İrəvanda nəşr olunmuş “Bürhani həqiqət” adlı jurnalın birinci sayında (1yanvar, 1917-ci il, N-1, səh: 7) İrəvandakı Göy məscidin şəklinə və haqqında maraqlı bir yazıya rast gəldim. Məqalədə bu tarixi abidənin inşasından tutmuş, onun elmi-ictimai taleyi yaddaşımda itirilmiş torpaqlarımızın unuda bilmədiyimiz bugünkü ağrılarını təzədən göynətdi.
Məqalədə deyilirdi: “Həmin fövqdə basılmış məscid əksi İrəvanda əski binalardan ədd olunan “Məscidi-came” – “Göy məscid”in əksidir. Həmin məscid 1178 səneyi-hicridə bina olunmuşdur. Məscidin tağında belə bir misra həkk olunmuşdur: “Əfkəndə əksi dər İrəvan Məscidül-haram” (İrəvanda məscid şəkli salınmışdır). Həmin misranı əbcəd hesabı ilə çevirdikdə məscidin inşa olunması tarixi, yəni 1178-ci il alınır. “İrəvan şəhəri hənuz İran hökumətinin təhti-idarəsində olduğu zaman 1756-cı səneyi-miladidə İrəvanda hakimlik edən Nəcəfqulu xan Qacarın oğlu Hüseynəli xan tərəfindən həmin məscid bina olunmuşdur. Zihaze (buna görə) bina etdirən şəxsin adı ilə “Hüseynəli xan məscidi” dəxi təsniyə (adlanır) olunur. Deməli, Rusiya hökuməti İrəvanı müsəxxəl (zəbt) etmədən 72 sənə müqəddəm həmin məscid bina olunubdur. Hal-hazırda yaşayıb durmaqdadır”.
Lakin müəllifin həmin məscid haqqında məlumatı bununla tamamlanmır. Məqalə müəllifi “Təhvil” (Bu, jurnalın redaktoru Əli Məhzun Hacı Zeynalabdinzadə Rəhimovun imzasıdır – Ş.N.) bundan sonra böyük narahatlıqla bir erməni müxbirinin həmin məscidlə bağlı cəfəng, uydurma fikirlərindən narahatlığını bildirir. İrəvanın azərbaycanlı ziyalısının narahatlığı əbəs deyildi. Çünki həmin dövrdə Rusiyada böyüməkdə olan siyasi hadisələr, onun inqilab dalğası Zaqafqaziyaya da gəlib çatmışdı. Bu siyasi mübarizələrdən öz məqsədləri üçün istifadə edən ermənilər də hər yerdə olduğu kimi, İrəvanda da iğtişaşlar törədərək azərbaycanlıları sıxışdırıb, evlərindən didərgin salmağa, onların yerini Türkiyədən gəlmiş ermənilərin zəbt etməsinə nail olmuşdular. Qədim yurd yerlərimizdə təzə-təzə məskunlaşmaqlarına baxmayaraq, kəndlərimizin, qəsəbələrimizin adlarını dəyişir, tarixi-mədəni abidələrimizə qarşı mənəvi qəsdlərə başlayırdılar. Bütün bunlara etiraz edən İrəvan ziyalılarına, o cümlədən C.Məmmədov, M.Qəmərlinski, Ə.Hüseyn, C.Əskərzadə, M.Mirfətullayev, M.Nasir kimi ziyalilara qarşı milli ədavət aparırdılar. Əli Məhzun da öz növbəsində həmin yazıda ermənilərin apardıqları mənəvi-siyasi terrora tarixi həqiqətin məntiqi ilə cavab vermişdi. Görün, erməni müxbiri bizim “Göy məscid” haqqında nələr uydurubmuş. “Təhvil” yazırdı: “Solntse Rossii” jurnalının 279-cu nömrəsində həmin məcmuənin xüsusi müsəvviri (rəssamı) “Ter-yan”ın Bədayei-sənayeyindən (İncəsənət abidəsi) hesab olunaraq həmin İrəvan məscidinin fövqdəki qərar ilə əksi basılaraq “Van məscidi” adlanmışdır.
“Solntse Rossii” jurnalının həmin hərbi müxbir və müsəvviri “Ter-yan” qomşunun bişmiş toyuğu güldürəcək belə müsəvvirliyi həmin məcmueyi-mətinənin nə qədər “doğruçu olduğuna”, qarelərinə (oxucularına) “ter-yan”lardan alınmış “ən müvəssəq” (doğru) xəbərlər oxutdurduğuna və idinnən (söz vermə- sindən) alınmış həmin məscid kimi fotoqraf əksləri tamaşa etdirdiyinə şübhə buraxmayır.
Əcəba! “Ter-yan” qomşunun atkritkalar üzərində basılmış bütün Qafqaz və Rusiyada nəşr olunmuş şu İrəvan məscidi fotoqrafını “Van məscidi” deyə “Solntse Rossiya”nın sütununda ənzari-umum (camaatın) tamaşasına qoyması ümumrusiya əhalisini, daha doğrusu Rusiya müsəlmanlarını kor hesab etmək deyil də, bəs nədir? Zənnimcə, “Ter-yan” qomşu “Vanı” yuxusunda belə görməmiş ki, İrəvanın əvvəlki hecasını bəl edərək (udaraq) Van yazmışdır”.
Ter-yanın həyasızlığı o dərəcəyə çatıbmış ki, “Hüseynəli xan məscidi”nin şəklini “Van məscidi” kimi təbliğ etməklə azərbaycanlıların mədəni-tarıxi abidəsini mənəvi unutqanlığa məhkum etməyə çalışırmış. Şübhəsiz, bu böyük işlərin arxasında elə o vaxtlardan formalaşmış erməni lobbisi, daşnaksütun partiyası dayanıbmış. Həmin 1917-1920-ci illərdə bu üzdəniraq ermənilərin “böyük Ermənistan” yaratmaq məqsədilə apardıqları çirkin siyasətin təsiri və görüntüləri haqqında o dövrün mətbuat səhifələrində azərbaycanlı ziyalıların çoxlu sayda yazıları ilə tanışıq. İndi isə haqqında bəhs etdiyimiz “Hüseynəli xan məscidi”nin son sətirlərini oxuyuruq: “Oqonyok” jurnalının 12-ci nömrəsində dəxi Tiflisdə Vorontsov küçəsi başındakı meydançanın əksi “Ərzurumda bazar meydanı” adı ilə basılmışdır. Hər halda həmin mətin məzmuələrin necə bir doğruçu müsəvvirləri olduğuna hər kəs “hökm edə” bilər.”
“Hüseynəli xan məscidi” kimi milli-mədəni abidələrimizin müdafiəsinə qalxan müəllif eyni zamanda öz dədə-baba torpaqlarında fiziki və mənəvi zorakılıqlara məruz qalan azərbaycanlıların siyasi-ictimai halından, sahibi olduğu jurnaldan savayı dövri mətbuatda da ürəkağrısı ilə bəhs edib. İstər-istəməz düşünməli oluruq, görəsən, torpaqlarımızın itirilməsinə, soydaşlarımızın ev-eşiklərindən didərgin düşməsinə, eləcə də tarixi abidələrimizin dağıdılmasına qarşı mübarizəmizi zaman-zaman, ardıcıl olaraq aparmışıqmı? Aparmışıqsa, bəs niyə itkilərimizin fiziki, maddi və mənəvi həcmi bu qədər böyüyüb? Tarix heç nəyi unutmur, yaddaşında ilk doğuluşdan üzü əbədiyyətə, hər şeyi hifz edir. Odur ki, ulu tarix milli kimliyimizi zaman-zaman araşdırmağı bizdən tələb edir. Çünki tarixə hər yeni baxış, təzə münasibət hələ də çözülməmiş, araşdırılmamış çoxlu sayda faktların, hadisələrin üzə çıxarılmasına rəvac verir. Bu mənada ucsuz-bucaqsız ellərimizdə, o cümlədən, Qərbi Azərbaycanda yaşadığımız neçə yüzilliklər dövrünü təkrar-təkrar öyrənilməlidir. Doğma məskənlərimizdə öz tarixini yazan görkəmli şəxsiyyətlərimizin həyatı, ictimai-ədəbi mühiti, mədəniyyət abidələrimizin yaranma şəraiti və tarixi, ümumiyyətlə, qədim yurd yerlərimizdə yaşayış məskənlərimizin coğrafi görüntüsü, əhalisinin əsas məşğuliyyəti, İrəvanın ictimai-siyasi həyatında ziyalılarımızın fəaliyyəti sənətə, ədəbiyyata gətirilməli, bu istiqamətdə böyük və davamlı işlər görülməlidir.

Mədəniyyət 2020-10-12 14:17:00