×
A
A
A
Sazlamalar

2025-ci ildə neft tələbatı gündəlik 94,4 milyon barrel neft ekvivalentinə yüksələcək

Bakı, 12 oktyabr, AZƏRTAC

Xam neft 2045-ci ilə qədər qlobal enerji qarışığında ən böyük paya sahib karbohidrogen olaraq qalacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə 2045-ci ilədək qlobal iqtisadiyyat, neft və enerji tələbatı və tədarükü üzrə orta və uzunmüddətli proqnozları özündə cəmləşdirən OPEC-in “Dünya Neft Görünüşü 2020” hesabatında deyilir.
Bildirilir ki, keçən il qlobal enerji tələbatının 31 faizini təşkil edən neft 2045-ci ildə enerji tələbatında 27 faiz paya sahib olacaq. Xam nefti 25 faiz payla təbii qaz və 20 faiz paya malik kömür izləyəcək.
Hesabata görə, epidemiyanın təsiri azalacağı təqdirdə neft tələbatı 2021-ci ildə canlanacaq. Xüsusilə orta müddətdə sağlam böyümə nisbətlərinin gözlənilməsi neft tələbatının 2025-ci ildə gündəlik 94,4 milyon barrel neft ekvivalentinə və 2045-ci ildə isə sutkada 99,5 milyon barrel neft ekvivalentinə çatmasına səbəb olacaq.
Təbii qaz 2019-2045-ci illərdə ən çox inkişaf edən fosil enerji mənbəyi olacaq. Artan şəhərləşmə, sənaye tələbləri və elektrik istehsalında kömürlə müqayisədə daha rəqabətqabiliyyətli olması sayəsində qlobal təbii qaz tələbatı böyüməkdə davam edəcək. Beləliklə, keçən il gündəlik təxminən 67 milyon barrel neft ekvivalenti olan qlobal qaz tələbatı 2045-ci ildə sutkada 91 milyon barrel neft ekvivalentinə çatacaq və əsas enerji qarışığına ikinci ən böyük töhfəni verən karbohidrogen olacaq.
Sözügedən dövrdə tələbatın azalacağı yeganə əsas enerji mənbəyi kömür olacaq. Dünyadakı kömür elektrik stansiyalarının əksəriyyətinin bərpaolunan enerji və təbii qaz elektrik stansiyaları ilə əvəz edilməsi nəticəsində kömürə olan tələb 2045-ci ilə qədər hər il orta hesabla 0,3 faiz azalacaq. İnkişaf edən bölgələrdə karbon emissiyasının azaldılması üçün enerji səmərəli texnologiyaların istifadəsinin artması bu azalmaya əsas təsir göstərən amil olacaq. Qlobal miqyasda azalmaya baxmayaraq, Hindistanın kömür tələbatı hesabat dövründə ildə orta hesabla 2,6 faiz artacaq.

 

Neft - qaz 2020-10-12 12:25:00