×
A
A
A
Sazlamalar

Qaxda 13 min hektardan çox sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır

Qax, 12 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Qax rayonunun təsərrüfatlarında gələn ilin məhsulu üçün 13,3 min hektar sahədə payızlıq dən bitkilərinin səpini proqnozlaşdırılır. Əkin sahələrinin 10,3 min hektarına buğda, 3 min hektarına isə arpa səpiləcək. Bundan əlavə, bu il rayonda 300 hektaradək sahədə yaşıl yem üçün xəsil arpa səpini də nəzərdə tutulur. Təsərrüfatlarda bir neçə gündür ki, taxıl səpininə start verilib. Ağyazı, Cəlayir, Almalı kəndlərinin ərazilərində ilk günlər 350 hektar sahəyə dən üçün arpa, 60 hektara buğda toxumu səpilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Bildirilib ki, payızlıq dənlilərin səpini üçün indiyədək rayonun təsərrüfatlarında 9 min 650 hektar sahədə şum aparılıb və bu il davam etdirilir. Toxumçuluq təsərrüfatları və fermerlər tərəfindən 3 min tonadək yüksək reproduksiyalı toxum fondu yaradılıb. Səpin kampaniyasına 150-dək şum və becərmə traktoru, 25 ədəd toxumsəpən aqreqat və digər texnikalar cəlb edilib.

 

Kənd təsərrüfatı 2020-10-12 11:29:00