Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü qoruyur

Bakı, 12 oktyabr, AZƏRTAC 

Oktyabrın 11-dən 12-ə keçən gecə bütün cəbhə boyu vəziyyət gərgin sabit qalıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri itirdikləri mövqeləri geri qaytarmaq məqsədilə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində bir neçə dəfə kiçik qruplarla Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib.
Həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd T-72 tankı, bir neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Əldə olunan məlumata əsasən döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin 9-cu alayının artilleriya rəisi tabeliyində olan bölmə ilə Hadrut yaşayış məntəqəsi istiqamətindən geri çəkilib, alayın 5-ci taborunun şəxsi heyəti isə təhkim olunmuş texnikanı döyüş mövqelərində qoyub qaçıb. Bundan əlavə, 5-ci və 522-ci alayın şəxsi heyəti avtomobil və zirehli texnikalarını da mövqelərdə ataraq geri çəkilib.
Qırmızı Bazar məntəqəsi istiqamətinə endirilən artilleriya zərbəsi nəticəsində 1-ci alayın daimi dislokasiya məntəqəsində yeraltı sığınacaq və düşmənin geri çəkilən bölməsinin 2 texnikası məhv edilib.
Məlumata əsasən canlı qüvvə sarıdan xeyli itki verən düşmən ordusunda ölənlər arasında 246-cı alayın tabor komandiri polkovnik-leytenant Artur Qriqoryan da var.
Ermənistan silahlı qüvvələrinin 1-ci alayının müdafiə sahəsində geri çəkilən bölmələr arasında rabitə və qarşılıqlı əlaqənin pozulması səbəbindən bölmələr bir-birinə atəş açıb. Tankəleyhinə və digər bölmənin şəxsi heyəti də döyüş mövqelərini tərk edib.
Hazırda qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünə malikdir.

Ordu 2020-10-12 08:45:00