×
A
A
A
Sazlamalar

Avstraliya saytı: Ermənistan ordusunun raket hücumu nəticəsində Azərbaycanda 9 mülki şəxs həyatını itirib

Kamberra, 11 oktyabr, AZƏRTAC

Ermənistan ordusunun raket hücumu nəticəsində Azərbaycanda 9 mülki şəxs həyatını itirib, 34 nəfər isə yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Sidney şəhərində fəaliyyət göstərən Avstraliya-Azərbaycan-Türk Dostluğu Cəmiyyətinin yeni fəaliyyətə başlayan veb-saytında məlumat verilib.
Bildirilir ki, tərəflər arasında Rusiyanın vasitəçiliyi ilə oktyabrın 10-da saat 12-dən etibarən humanitar atəşkəs elan olunmasına baxmayaraq, Ermənistan ordusu döyüş bölgəsindən çox uzaqda yerləşən Gəncə şəhərinə raketlə hücum edib.
Yazıda Azərbaycanın qədim şəhərlərindən biri kimi turizm mərkəzi olduğu və burada 500 minə yaxın əhalinin yaşadığı qeyd edilib.
Azərbaycan prokurorluq orqanlarına istinadla gecə vaxtı əhalinin sıx yaşadığı əraziyə hücum nəticəsində 10 nəfərin, o cümlədən 4 qadının həlak olduğu, yaralananlar arasında isə 16 qadın və 6 uşağın olduğu vurğulanıb. Bununla da sentyabrın 27-dən başlanan hərbi əməliyyatlar zamanı Ermənistanın dinc əhaliyə hücumu nəticəsində 42 nəfərin həyatını itirdiyi qeyd edilib.
Yazıda münaqişənin tarixi, Ermənistanın artıq 30 ilə yaxındır ki, Azərbaycanın ərazisinin 20 faizini işğalda saxladığı qeyd edilib. Vurğulanıb ki, BMT TŞ-nin məlum qətnamələrinə baxmayaraq, Ermənistan öz ordusunu həmin ərazidən çıxarmaq istəmir. 1992-ci ildə yaradılan və ABŞ, Rusiya və Fransanın həmsədr olduğu ATƏT-in Minsk qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyəti isə heç bir nəticə verməyib.
Məqalədə AZƏRTAC-ın hadisə yerindən təqdim etdiyi fotolara da yer verilib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri
Kamberra

Diaspor 2020-10-11 18:25:00