×
A
A
A
Sazlamalar

Ermənistanın humanitar atəşkəs rejimini pozaraq mülki əhalini atəşə tutması Azərbaycanı adekvat tədbirlər görmək məcburiyyəti qarşısında qoyur

Bakı, 11 oktyabr, AZƏRTAC

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistanın hərbi-siyasi rəhbərliyinin bilavasitə göstərişi ilə işğalçı ölkənin ordusu oktyabrın 11-də gecə saat 02 radələrində Gəncənin əhalinin sıx yaşadığı mərkəzini, o cümlədən çoxmənzilli yaşayış binasını raket atəşinə tutub. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, həmçinin oktyabrın 10-da elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini atəşə tutaraq növbəti dəfə təxribat törədib. Ona görə Ermənistanı dayandırmaq lazımdır. Artıq Azərbaycan adekvat tədbirlər görməyə məcburdur.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.
E.Həsənli bildirib ki, Rusiya vasitəsilə Azərbaycan humanitar atəşkəsə riayət etməyə razılaşmasına baxmayaraq, ermənilər yenə də beynəlxalq hüquqa əməl etmir. Ermənistan isə bu humanitar atəşkəsi kobudcasına pozaraq Gəncədə mülki əhalini atəşə tutdu. Bu növbəti dəfə Ermənistanın terrorçu dövlət olduğunu nümayiş etdirdi.
Ümumiyyətlə, son 14 gündə baş verən hadisələr onu göstərir ki, Ermənistan öz terrorçu niyyətlərindən əl çəkmir. Belə ki, düşmən ölkə danışıqları pozur, ona riayət etmir. Azərbaycan xalqı və dövləti Ermənistanın terrorçu dövlət olduğunu bilirdi. Artıq dünya birliyi də ermənilərin xain və məkrli siyasətini gördü. Odur ki, Gəncədə mülki vətəndaşlarımızı öldürən və yaralayan Ermənistana qarşı Azərbaycan artıq cəza tədbirləri görməlidir.
“Gəncəyə hücum göstərdi ki, Ermənistan heç bir dövləti, beynəlxalq qurumu saymır və BMT-nin müvafiq qətnamələrinə hörmət göstərmir. Ona görə Azərbaycan Ermənistana qarşı konkret ölçü götürməyə məcburdur ki, düşmən ölkə beynəlxalq hüquq normalarını yerinə yetirsin. Odur ki, rəşadətli Ordumuz torpaqlarımızın işğaldan azad edilməsi üçün əks-əməliyyatları bərpa etmək məcburiyyətində qalıb. Azərbaycan xalqı otuz ildir işğaldan əziyyət çəkir, artıq onun səbri tükənib. Azərbaycan humanistlik göstərərək münaqişənin danışıqlar yolu ilə həll olunmasını gözlədiyi bir vaxtda, Ermənistan dinc əhalini hədəfə alaraq Gəncə şəhərinə raket zərbələri endirir. Əgər düşmən ölkə sülh danışıqlarına əməl etmirsə, o sülhə məcbur edilməlidir. Belə vəziyyətdə bizim torpaqlarımızın azad edilməsi uğrunda alternativ yolumuz qalmır”, - deyə Emin Həsənli vurğulayıb.

Ordu 2020-10-11 16:05:00