×
A
A
A
Sazlamalar

“Ulduz”un sentyabr nömrəsində...

Bakı, 10 oktyabr, AZƏRTAC

Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanı olan “Ulduz” ədəbiyyat jurnalının sentyabr nömrəsi işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, jurnal oxucularını bu nömrədə İlqar Rəsulun "özüylə söhbəti" və hekayələri ilə salamlayır.
Daha sonra jurnalın "525-ci qəzet"lə birgə həyata keçirdiyi "9-luq" layihəsinə yer verilir. Burada nasir Əjdər Ol, şair Ramil Əhməd və tənqidçi İradə Musayeva pandemiyadan sonrakı dövr ədəbiyyatından, çağdaş ədəbiyyatın intellektual qatı ilə duyğu "örtüyünün" qarşılıqlı münasibətindən və ədəbiyyatda yaşamağın formulundan danışırlar.
Aysel Xanlarqızı "Karantin şeirləri"ni təqdim edir, Sonuncu Orxan və Fərid Hüseyn də dərginin poeziya səhifələrində oxucuları ilə görüşürlər. Hənifə Səlifova Məmməd Orucun "Qara güzgü" və "Köçürülmə" romanlarında deportasiya hadisələrini əks etdirir. Mirzə İbrahimov, Sabir Rüstəmxanlı, Teymur Kərimli, Səlim Babullaoğlu, Esmira Fuad, Sevinc Mürvətqızı və Adilə Qocayevanın görkəmli şair, nasir və publisist Nurəngiz Günlə bağlı fikirləri, 2020-ci ildə "Nurəngiz Gün Beynəlxalq Şeir Ödülü"nə layiq görülmüş şairlərin şeirləri təqdim olunur.
Eyvaz Zeynalovun tərcüməsində məşhur türkoloq, yazıçı, tərcüməçi Ömər Küçükməhmətoğlunun "Ortada qalan cənazə" hekayəsi və Şəfa Vəlinin yazdığı "Ac siçan balası" da jurnalın bu nömrəsindədir. Xəyal Rza "Sarı qamış", Gülşən Mustafa "Sağalmaq istəyirəm"lə "Nəsr" bölümündə, Müşfiqə Baladdinqızı və Kəmaləddin Qədim isə "Şeir vaxtında" çıxış edirlər. Asif Rüstəmli "Mühacirət mətbuatımızın müqtədir mücahidi" yazısı, Mətanət Vahid isə "Sənətlərin dialoqu - Ədəbiyyat və Musiqi" yazısı ilə "Tribuna"dadırlar. Qalib Şəfahətin, İradə Aytelin, Fidan Malikin də yaradıcılığına bu nömrədə yer verilib.
"Debüt"də Təyyarə Əsgərovanın hekayələri və Savalan Abbasoğlu Fəthinin şeirləri var. "Dərgidə kitab" seriyasını bu dəfə "1+1+1" kitabı ilə Lamiyə Məmmədova kitabın içindəki hekayələrdən nümunələrlə birlikdə davam etdirir. Günel Mehri "Etiraf" yazısında nələri etiraf edir? İvan Bunin - Böyük Ədəbiyyatın balaca klassiki kimdir?" - bütün bunlar da “Ulduz”un sentyabr nömrəsindədir.

 

Mədəniyyət 2020-10-10 15:46:00