×
A
A
A
Sazlamalar

FHN: Ermənistan silahlı qüvvələrinin atdığı mərmilər Azərbaycandakı mülki obyektlərdə yanğınlara səbəb olub VİDEO

Bakı, 9 oktyabr, AZƏRTAC

Ermənistan silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələri, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edir.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin atdığı mərmilər Ağdam rayonunda vətəndaşlara məxsus 3 fərdi evdə və təsərrüfat obyektində yanğına səbəb olub. FHN-in hadisələrin baş verdiyi ərazilərə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən yanğınların qarşısı alınaraq yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.
Tərtər rayonuna mərmi düşməsi nəticəsində vətəndaşa məxsus təsərrüfat obyektində yanğın baş verməsi barədə FHN-ə məlumat daxil olub. Düşmən tərəfindən ərazi intensiv atəş altında saxlanıldığından yanğına müdaxilə edilməsi mümkün olmayıb.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar nazirliyin 112 – “qaynar” telefon xəttinə dərhal məlumat verilməsi xahiş olunur.

Hadisə 2020-10-09 18:38:00

Video