×
A
A
A
Sazlamalar

Azərbaycan Hakimlər Assosiasiyalarının İttifaqı Beynəlxalq Hakimlər Assosiasiyasına bəyanat göndərib

Bakı, 9 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Hakimlər Assosiasiyalarının İttifaqı Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları və cəbhədə yaranmış hazırkı vəziyyətlə bağlı bəyanat qəbul edərək, sıralarında 100-ə yaxın təşkilatı birləşdirən Beynəlxalq Hakimlər Assosiasiyasının üzvlərinə göndərib.
Hakimlər Assosiasiyalarının İttifaqından AZƏRTAC-a bildirilib ki, bəyanatda Ermənistanın işğal siyasəti nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış və tarixən Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun zəbt edildiyi, 1992-ci ilin fevralında Xocalı şəhərində azərbaycanlı dinc əhaliyə qarşı misli görünməmiş qırğın törədildiyi, mülki əhaliyə qarşı etnik təmizləmə aparılaraq bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyi qeyd olunub.
Münaqişənin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqların Ermənistan rəhbərliyinin qeyri-konstruktiv yanaşması səbəbindən bu günədək uğursuz olduğu bəyan edilib, Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının açıq şəkildə yerinə yetirilmədiyi diqqətə çatdırılıb.
Ermənistanın silahlı qüvvələrinin sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini, eləcə də yaşayış məntəqələrini intensiv atəşə tutaraq təmas xətti boyunca ölkəmizə qarşı genişmiqyaslı hərbi təxribatlara başladığı, buna cavab olaraq Azərbaycan Ordusunun özünümüdafiə hüququna və beynəlxalq humanitar normalara əsaslanaraq, əks-hücum əməliyyatları həyata keçirdiyi qeyd edilib.
Vurğulanıb ki, Ermənistan tərəfindən təmas xəttindən 50-250 kilometr uzaqlıqda yerləşən yaşayış məntəqələrimizin davamlı olaraq atəşə tutulması nəticəsində azərbaycanlı dinc mülki əhali arasında həlak olan və müxtəlif dərəcəli xəsarət alanlar var. Həmçinin əhalinin çoxsaylı mülki obyektlərinin, o cümlədən xüsusi mülkiyyəti, su anbarı və elektrik stansiyası, enerji boru kəmərlərinin (Bakı-Tbilisi-Ceyhan boru kəməri və Cənubi Qafqaz Boru Kəməri) atəşə tutulduğu, nəticədə çoxsaylı infrastruktur obyektlərinin dağıdıldığı qeyd olunub. Həmçinin Tərtər Rayon Məhkəməsinin inzibati binasına ciddi ziyan dəydiyi, hakiminin isə yaralandığı xüsusilə diqqətə çatdırılıb.
Bəyanatda Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının və bütün məcburi köçkünlərin hüquqları təmin olunmaqla öz doğma torpaqlarına qayıtmalarının vacibliyi və bununla da bölgədə həqiqi və davamlı sülhə kollektiv şəkildə nail olmağın mümkünlüyü vurğulanıb.
Sonda mövcud vəziyyətlə bağlı Beynəlxalq Hakimlər Assosiasiyası üzvlərinin obyektiv və ədalətli mövqe nümayiş etdirərək insan hüquq və əsas azadlıqlarının qorunmasına yönələn çoxtərəfli səyləri dəstəkləyəcəklərinə əminlik ifadə edilib.

Hadisə 2020-10-09 17:26:00