×
A
A
A
Sazlamalar

Düşmən növbəti təxribatını mobil və stasionar telefonlara səs göndərməklə davam etdirir

Bakı, 9 oktyabr, AZƏRTAC 

Azərbaycan Ordusunun əks-hücum əməliyyatları və cəbhənin müxtəlif istiqamətlərində əldə edilən uğurlardan məyus olan işğalçı və təcavüzkar Ermənistan növbəti təxribata əl atıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, düşmən bu dəfə vətəndaşlarımızın mobil və stasionar telefonlarına saxta nömrələrdən din xadimləri adından Azərbaycan dilində səs yazıları göndərərək çağırışlar edir. Cəbhədə məğlub olan və geri çəkilmək məcburiyyətində qalan Ermənistanın məqsədi təxribat xarakterli dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaqdır.
Elektron Təhlükəsizlik Xidməti bir daha vətəndaşlardan xahiş edir ki, tanımadığı nömrələrdən gələn zəng və mesajlara cavab verməsinlər, həmin nömrələri bloklasınlar, mesajları spam olaraq şikayət etsinlər.
Həmçinin vətəndaşlardan hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda “www.cert.az” saytı və ya “[email protected]” elektron poçtu vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etmələri xahiş olunur.

İKT 2020-10-09 17:21:00