×
A
A
A
Sazlamalar

Qaxın qarğıdalı sahələrində orta məhsuldarlıq 70,5 sentner təşkil edir

Qax, 9 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Qaxlı fermerlər bu il 1867 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər. Qarğıdalı bitkisinin əkin sahəsi ötən illə müqayisədə 147 hektar artırılıb. Hazırda təsərrüfatlarda qarğıdalı yığımının qızğın çağıdır. İndiyədək 384 hektar sahənin məhsulu yığılıb, 2708 ton dən qarğıdalı istehsal olunub. Hələlik hər hektardan orta məhsuldarlıq 70,5 sentner təşkil edir. Cari mövsümdə rayonda dən qarğıdalı istehsalının 13 min tona çatacağı gözlənilir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, taxıl biçini başa çatdıqdan sonra təsərrüfatlarda 601,5 hektar sahədə dən və yaşıl yem üçün təkrar qarğıdalı əkini də aparılıb. Artıq bəzi təsərrüfatlarda yaşıl yem üçün əkilmiş qarğıdalının biçininə də başlanılıb. İlk olaraq Qaşqaçay kəndindən olan təsərrüfatçı Novruz Mənəfova məxsus təkrar qarğıdalı sahələrində biçin aparılıb. Torpaq mülkiyyətçisi 64 hektar sahədən 1600 tonadək yaşıl kütlə əldə edib.
Qeyd edək ki, bu ildən təkrar qarğıdalı əkininə görə fermerlərə dövlət tərəfindən hər hektara 60 manat birdəfəlik vəsait ödəniləcək.

Kənd təsərrüfatı 2020-10-09 17:14:00