×
A
A
A
Sazlamalar

ANAMA-nın əməkdaşı Ermənistan ordusunun mülki əhalini atəşə tutması nəticəsində ağır xəsarət alıb

Bakı, 9 oktyabr, AZƏRTAC

Oktyabrın 9-da səhər saatlarında Ermənistan silahlı qüvvələrinin dinc əhalini növbəti dəfə hədəfə alması nəticəsində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) Füzuli regional idarəsinin əməkdaşı 1982-ci il təvəllüdlü Əsədov Samir Hidayət oğlu ağır yaralanıb. O, əməliyyat olunmaq üçün təcili xəstəxanaya çatdırılıb.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, onun 3 qəlpə yarası aldığı aşkarlanıb. Vəziyyəti ağır olan H.Əsədovun üzərində aparılan cərrahiyyə əməliyyatı davam edir.
Bütün bunlar bir daha sübut edir ki, Ermənistan silahlı qüvvələri mülki əhalini və obyektləri atəşə tutmaqla yanaşı, əhalinin təhlükəsizliyini təmin edən humanitar minatəmizləmə ilə məşğul olan Agentliyin işçi heyətini də hədəfə alır.
Qeyd etmək istəyirik ki, hazırda cəbhəboyu mülki ərazilərdə infrastrukturun, mülki obyektlərin və yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Agentliyin işçi heyəti 24 saat ərzində fasiləsiz iş rejimində fəaliyyət göstərir.
Həmin ərazilərdə yerləşən şəhər, rayon və onlara daxil olan kəndlərdə Agentlikdə təşkil edilmiş qruplar yerlərdə təhlükəsiz hərəkət qaydaları, mina təhlükəsinə dair maarifləndirmə və xəbərdarlıq istiqamətində sakinlər arasında təbliğat işi aparırlar.

Hadisə 2020-10-09 13:32:00