×
A
A
A
Sazlamalar

Azərbaycan əsgərinin Vətən savaşı

Bakı, 9 oktyabr, AZƏRTAC

Bu günlər min illərin dövlətçilik tarixinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərə malik olan Azərbaycan xalqı öz taleyinin həlledici məqamlarını yaşayır. İllərdi doğmalarının isti nəfəsinə, səsinə-hənirinə həsrət qalmış yurd yerlərimiz, itirilmiş torpaqlarımız igid övladlarının azadlıq uğrunda savaşa atılmasından sanki cana gəlib. Bu qədim məskənlərimizin dağı, daşı, düzəni, ağacları, bir sısqa otu da yeni oyanış, dirçəliş çağında qamətini dikəldib cəngavər oğullarının pişvazına durublar. Belə bir həyəcanı, sevinc ovqatını yaşamaq necə də qürurvericidir!
AZƏRTAC xəbər verir ki, bu sözlər yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasirin “Azərbaycan əsgərinin vətən savaşı” sərlövhəli yazısında yer alıb. Yazını təqdim edirik.
Candan keçilər, Vətəndən keçilməz! Bu elə bir ülvi duyğu ki, onu sözlə ifadə etmək çətindir, çox çətin. Vətən Anadır! Qoynunda boy atdığımız, özümüzü rahat, güclü hiss etdiyimiz Ana Vətən torpağına bunca bağlı olmaq, müqəddəs hissi yaşamaq gözəldir, gözəl! Vətən torpağı bölünməzliyi, qüdrətli olması ilə bütövdür. Bu bütövlüyü itirməksə Vətənin parçalanması deməkdir. Bu gün Azərbaycan əsgəri parçalanmış torpaqlarımızı bütövləşdirmək uğrunda haqq savaşındadır...
Artıq bütün dünyaya bəllidir ki, Ermənistanın silahlı qüvvələri sentyabrın 27-si səhər saatlarından başlayaraq müxtəlif növ silahlardan, ağır artilleriyadan istifadə edərək çoxlu sayda yaşayış məntəqələrimizi və hərbi mövqelərimizi atəşə tutmuşdur. Həftə boyu düşmən atəşi nəticəsində mülki əhali və döyüşçülərimiz arasında itkilər, yaralananlar da olmuşdur. Bütün bunlara cavab olaraq ordumuz düşmənin hərbi mövqelərinə güclü atəşlə zərbələr endirir. Bu zərbələr nəticəsində düşmənin çox sayda hərbi texnikası məhv edilmişdir. Bu günlər ərzində cəsur əsgərlərimiz bir sıra kəndlərimizi, rayonlarımızı, strateji əhəmiyyətli yüksəklikləri işğaldan azad etmişdir. Böyük gərginlik, həm də ruh yüksəkliyi ilə müşayiət olunan döyüşlər heç şübhəsiz, qələbəyə aparan yolun uğurlu başlanğıcıdır. Azərbaycan Ordusunun Zəfəri labüddür!

İşğalçı Ermənistan dövləti

Ötən əsrin 90-cı illərində maddi və mənəvi terrorla – itkilər, dağıntılar, soyqırımı faciəsi ilə davam edən və bu gün ölüm-dirim dirənişi ilə yaşadığımız savaş xalqımızdan ötrü həlledici məqam olaraq meydandadır. Nəhayət, işğalçı bir dövlətin, Ermənistanın dağıdıcı əməllərinə, çirkin siyasətinə, murdar niyyətlərinə son qoyulmalıdır! Bəşər aləmində sülhə, əmin-amanlığa, ədalətə, dostluq və qarşılıqlı əməkdaşlığa önəm verən, beynəlxalq hüquq normalarına əməl etməyin vacibliyini bilən dünya cəmiyyətinin 30 ilə yaxın bir zamanda Azərbaycanın haqq işinə biganə qalması, nəhayət, dözülməz və qəbuledilməzdir. Çünki itirilən təkcə Azərbaycanın milli maraqları deyil, dünya nizamının pozulmasıdır, dünya dəyərləridir. Budur bəşərin faciəsi!
Belə bir vaxtda beynəlxalq təşkilatların Ermənistanı işğalçı bir dövlət kimi tanımasına baxmayaraq, onun insanlığa, humanizmə sığmayan vəhşiliyinə, qəddarlığına, vandallığına etina etməməsi, Azərbaycan torpaqlarının hesabına öz ərazilərini genişləndirməsinə göz yumması bizdə acı təəssüf hissi doğurur. Görəsən, tarix boyu yersiz-yurdsuz, sərgərdan bir həyat keçirən bu qorxaq, yaltaq, eyni zamanda, faşist xislətli ermənilərin azərbaycanlılara qarşı hələ ötən əsrdə dəfələrlə həyata keçirdikləri işğalçılıq əməllərinin, soyqırımı faciələrinin mahiyyətində nə kimı məqsəd dayanmışdır? Onlar bu cinayətləri hansı qüvvənin köməyi ilə törətmişdilər? Bu məqamda tarixi həqiqətlərə qısaca nəzər salmaq da bir zərurət kimi qarşıya çıxır.
Hələ iki əsr əvvəl çar Rusiyasının “yazıq, əzabkeş” erməniləri Azərbaycan ərazisinə köçürməsi siyasəti sovet hakimiyyətinin ilk illərindən bölgələrimizdə daha intensiv və geniş formada davam etdirilmişdir. Havadarlarının dəstəyindən vəcdə gələn azğınlaşmış haylar da o vaxtdan Azərbaycan torpağında “Böyük Ermənistan” yaratmaq niyyətlərini mərhələ-mərhələ həyata keçirməyə başladılar. Nəticədə ötən əsrin səksəninci illərinin sonunda xain, üzdəniraq qonşular soydaşlarımızı zorla, silah gücünə dədə-baba torpaqlarımız olan Qərbi Azərbaycandan son nəfərinədək qovub-çıxardaraq, onları qaçqınlığa, didərginliyə məruz qoydular. Bu qədər ədalətsiz, haqsız əməllər törədən, qədim Oğuz yurduna sahiblənən vətənsiz ermənilər əslində İrəvan xanlığının tarixini əzbər bilirdilər. Ermənistan Ensiklopediyasında (səhifə 571) belə bir tarixi fakt yer almışdır ki, XIV əsrin sonlarından 1828-ci ilə qədər İrəvanı azərbaycanlılar idarə etmişlər. Həmin səhifədə xanlığı idarə edənlərin – Əmir Səiddən başlamış (1410) sonuncu Hüseyn xan Qacara qədər (1827) 44 tarixi şəxsiyyətin adı xronoloji ardıcıllıqla göstərilmişdir (Ə.Zeynalov). Bu, ermənilərin öz etirafı olsa da onlar faşist xislətlərinin nəticəsi olan işğalçılıq əməllərindən əl çəkmədilər. Zaman-zaman sərsəm fikirlərini, çirkin niyyətlərini həyata keçirməyə davam etdilər. 1988-ci il hadisələrindən az keçməmiş, qaniçən cəlladlar yenə havadarlarının köməyi ilə Dağlıq Qarabağı və onun ətrafında olan 7 rayonu işğal edərək, “Qarabağ bizimdir!” deyib, həyasızcasına dünyaya car çəkdilər...
Qarabağın möhtəşəm tarixi, onun Azərbaycanın əzəli-əbədi torpağı olması mötəbər mənbələrdə də öz əksini tapıb. Bu qədim diyarı yaşayış məskəninə çevirən dədə-babalarımız min illərdi burada məskunlaşıblar. Onların öz zəhmətləri, əməllərilə qurub-yaratdıqları yurd yerləri, yazdıqları qəhrəmanlıq tarixi, ulu yaşayış tərzinin doğurduğu adət-ənənələr, milli dəyərlər bütünlükdə xalqımızın mentaliteti, azərbaycançılıq xüsusiyyətləri ilə bağlıdır. Bir qədər də dərinə və incəliklərə varsaq, xatırlatmalıyıq ki, Pənah xan tərəfindən salınmış Şuşa şəhəri və onun kəndlərində məskunlaşan insanlar, cəmi Qarabağın əhalisi yalnız azərbaycanlılardan ibarət olmuş, ermənilər isə o yerlərə sonradan gəlmişdilər. Şuşada, eləcə də Qarabağın digər ərazilərində təhsilin, elm və mədəniyyətin, incəsənətin yaranması və intişarı azərbaycanlıların adı ilə bağlıdır. Qədim Qarabağın tarixini yazanlar, “Qarabağnamələr”in müəllifləri – Mirzə Adıgözəl bəy (Qarabağnamə), Mirzə Camal Cavanşir Qarabaği (Qarabağ tarixi), Əhməd bəy Cavanşir (Qarabağ xanlığının 1747-1805-ci illərdə siyasi vəziyyətinə dair), Mirzə Yusif Qarabaği (“Tarixi-Safi”), Mir Mehdi Xəzani (“Kitabi-Tarixi-Qarabağ”), Rzaqulu bəy Mirzə Camal oğlu (“Pənah xan və İbrahim xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri”), Mirzə Rəhim Fəna (“Tarixi-cədidi-Qarabağ”), Baharlı (“Əhvalati-Qarabağ”), Həsən İxfa Əlizadə (“Şuşa şəhərinin tarixi”), Həsənəli Qaradaği (”Qarabağ vilayətinin qədim və cədid keyfiyyət və övzaları)... kimi maarifçi ziyalıların əsərləri Qarabağ sakinlərinin kimliyini, milli mənsubiyyətini, dövrün siyasi hadisələrini əsrlərin aynasında əks etdirən ən mükəmməl məxəz-mənbələrdir. Göründüyü kimi, Qarabağ xanlığının münəvvər şəxsiyyətləri özlərinin şərəf və qəhrəmanlıq tarixini böyük məhəbbətlə yaratmış və yazmışlar...
Qayıdaq bu günlərində baş vermiş hadisəyə – xalqımızın taleyində həlledici rola malik olan Ermənistan-Azərbaycan savaşına. Burda da bizim üçün qəbuledilməz olan mühüm amil odur ki, dünya Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu bildiyi halda, yenə də onların işğalçılıq əməllərinə susur. Bu gün Ermənistanın silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını pozaraq sərhədlərimiz boyunca qanlı müharibə aparması, beynəlxalq təşkilatların bu hadisələrə öz mövqeyini bildirməsini və işğalçı dövləti haqqa, ədalətə çağırmasını zəruri etmişdir.
Ərazi bütövlüyümüzün bərpası, şərəf və ləyaqətimizin qorunması azərbaycanlı olaraq hər birimizin ümdə vəzifəsidir. Son illər Qarabağ dərdimiz odu sönməyən alov kimi ürəyimizi qarsır, ağrıdırdı. Ümumiyyətlə, torpaqlarımızın 20 faizinin işğalı, bir milyondan çox qaçqın, didərgin və köçkünümüzün yurd-torpaq həsrətilə yaşadığı acı taleyi tariximizin ən ağrılı bir səhifəsidir. Dünya bu ədalətsizliyə sussa da, işğalçı bir dövlətin çirkin siyasətinə göz yumsa da, haqqın tərəzisi göz qabağındadır! Axı biz heç vaxt qonşu dövlətlərin ərazisinə xain gözlə baxmamışıq, özgələrin torpaqları hesabına öz ərazimizi genişləndirməmişik! Amma ürəyimizin açıqlığı, mərhəməti, xeyirxahlığı, insansevərliyimiz, əxlaq və mədəniyyətimiz bizi yersizə yer verib, ən ağır günlərində onlara həyan olmağa sövq edib. Son iki əsrdə xalqımızın üzləşdiyi faciələrin kökü elə burdan başlayır, desək, yanılmarıq. Biz bu gün işğalçı dövlətin haqsızlığının qarşısına keçməli, onu durdurmalı, aşıb-daşan iştahalarına, iddialarına son qoymalıyıq. Qarabağ torpaqlarını işğaldan azad etdikdən sonra onların nəzərində “unutduğumuz” Qərbi Azərbaycan torpağındakı hüquqlarımızın bərpası yolunda da çalışmalıyıq. İrəvan xanlığının sakinləri olaraq ata-baba ocaqlarımıza qayıda bilmədiyimizin hesabını çəkməliyik. Həyatımızın düzənini pozmuş işğalçı Ermənistan dövlətinə həddini göstərməli, yerini tanıtmalıyıq. Özü də elə tanıtmalıyıq ki, bir daha sərsəm fikirlərə düşməsinlər. Bu vəzifəni yerinə yetirmək bizim nəslin borcudur. Biz bu borcu gələcək nəslə miras kimi ötürməməliyik...

Prezident İlham Əliyevin xalqa müraciəti. Xalq-iqtidar birliyi

Sözün bu məqamında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sentyabrın 27-də xalqa müraciətində dediyi fikirlərə diqqət yönəltmək də öz zərurətini doğurur. Qeyd etməliyik ki, Prezidentin bu müraciəti bir çox prizmadan diqqətimizi cəlb edir. Əzəli, hadisələrin qaynar bir məcraya istiqamət aldığı vaxtda bu müraciət bizdən ötrü birmənalı olaraq hüquqi sənəd statusundadır. Dövlətimizin başçısının beynəlxalq aləmdə terrorçu Ermənistan hökumətinin işğalçılıq əməllərini ifşa etməsi, xalqın böyük mənada hamisi olması dövlətin xalqla birliyinin bariz göstəricisidir. İlham Əliyev faktların, sənədlərin, videoçarxların şahidliyi ilə illər boyunca dünyanın diqqətini soysuz ermənilərin yurd yerlərimizdə törətdiyi faciələrə, işğalçılıq əməllərinə yönəldərək onlardan bu haqsızlığa, erməni vandalizminə münasibət bildirmələrinin labüdlüyünü dünya cəmiyyətində müstəviyə gətirdi.
Prezidentin xalqa müraciətində hər bir fikrin, nəzəri-praktik baxışın, ictimai, siyasi və mənəvi yükünün olması xalqın düşüncəsində bir oyanış yaratdı. Yaşından, tutduğu mövqeyindən asılı olmayaraq cəmiyyətə vətəndaşlıq, azərbaycançılıq mövqeyini ortaya qoymağın vacibliyini göstərdi. Bu mənada Azərbaycan torpaqlarının 20 faizinin mənfur ermənilər tərəfindən işğal olunduğunu və bir milyondan çox soydaşımızın qaçqın və köçkünlüyə, didərginliyə məruz qaldığını beynəlxalq təşkilatların mötəbər kürsülərindən səsləndirməsi və onlardan bu hadisəyə ədalətli mövqe bildirmələrini tələb etməsi dövlət başçımızın Vətən və xalq təəssübünün ifadəsi idi. Prezident öz müraciətində bir daha xatırlatdı ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarından tam, dərhal, qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüflər olsun ki, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir. Elə bu qətnamələrə imza atan ölkələrin başçıları da dedikləri sözün sahibi olmadılar. Göründüyü kimi, bu qətnamələri təsdiq edən təşkilatlar problemin həllinə nəzarət etmədiyindən milli-bəşəri mahiyyət kəsb edən bu məsələ uzanmış və işğal olunan tərəfi böyük fiziki, mənəvi, iqtisadi zərbələrə məruz qoymuşdur. Başqa bir tərəfdən də Ermənistan hökuməti atəşkəs rejimində beynəlxalq qaydalara məhəl qoymadan onun şərtlərini ciddi şəkildə pozmuş, Azərbaycan tərəf isə bunun acı nəticələrini yaşamışdır...
İlham Əliyev dövlət başçısı, Ali Baş Komandan kimi xalqla açıq, səmimi, eyni zamanda güclü bir siyasi xadim kimi danışdı. Vəziyyəti olduğu kimi bəyan etdi. Prezident işğalçı dövlətin bu illərdə apardığı təxribatların dövlətimizə, xalqımıza vurduğu maddi və mənəvi ziyanlara, millətimizə olunan hər cür təhqirlərə də diqqət yetirmişdir. İlham Əliyev düşmənin təxribatlarından danışarkən demişdir ki, “... İşğal edilmiş torpaqlarda bu yaxınlarda keçirilmiş hərbi təlimlər bizim üçün Ermənistanın növbəti təxribatı sayılmalıdır. Çünki bu təlimlərin bir məqsədi var: Azərbaycana hücum etmək, mülki əhalini atəşə tutmaq və yeni torpaqlar işğal etmək! Sadaladığım bütün faktlar bir daha onu göstərir ki, bu gün regionda təhlükə mənbəyi Ermənistandır və onun çirkin siyasətidir”.
Prezidentin müraciəti milyonlarla soydaşımızın əzab-əziyyətlərini, itkilərdən yaranmış ağrılarını, vətənçilik təəssübünü ifadə etdiyindən inamla demək olar ki, burada öz əksini tapan, zərurət kəsb edən bütün müddəalar iqtidar-xalq birliyinin barizliyini göstərir. Yeri gəlmişkən, İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatında videoformatda etdiyi çıxışında Ermənistan hökumətinin Azərbaycana qarşı təxribata hazırlaşdığını, onu yeni ərazilərini işğal edəcəyi ilə hədələdiyini sessiya iştirakçılarına çatdırmışdır. Dövlət başçımız bugünkü Ermənistan ərazisində mədəni miraslarımızın dağıdıldığını, talan olunduğunu, eləcə də Ermənistan hökumətinin Azərbaycanın işğal olunmuş ərazilərində təbii ehtiyatlarını – yeraltı-yerüstü sərvətlərimizi beynəlxalq bazarlarda ixrac etdiklərinə də diqqət yönəltmişdir.
Ermənistan ordusunun Azərbaycanı bir çox istiqamətdən atəşə tutması, Prezidentin qeyd etdiyi kimi, ərazimizdə yeni torpaqlar işğal etmək məqsədindən yaranmışdır. Burda inamla və böyük ruh yüksəkliyi ilə deməliyik ki, bu müraciətdə ifadə olunan bütün fikirləri dərindən dərk edən və Azərbaycanın gələcək taleyində özünün rolunu, nə etməli olduğunu anlayan hər bir vətəndaşın, bütövlükdə xalqın dövlətimizə inamı, etibarı və qüdrətli, güclü sərkərdə olaraq Prezidentə arxalanması özünün həqiqi mənasına tapınmışdır. Bu müraciətdən sonra xalq bir nəfər kimi vətənin müdafiəsinə hazır olduğunu bildirərək, Ali Baş Komandanın ətrafında sıx birləşdi. “Biz birlikdə güclüyük” inamı bu gün özünü bir daha doğrultdu. Dövlət xalqa arxalananda güclü olur. Xalq da dövlətin yürütdüyü siyasətə etibar edəndə, dövlətçiliyimizin möhkəmlənməsi yolunda çalışanda bu gücün qüdrətli olduğunu anlayır.
Prezident İlham Əliyevin xalqa müraciətində, eləcə də Moskvanın “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında və digər ölkələrin müxbirlərinə verdiyi müsahibələrində Paşinyan hökumətinin Azərbaycana qarşı çirkin siyasətini, onun beynəlxalq hüquq normalarına əhəmiyyət vermədən özbaşınalıqlar etməsini, təkcə son aylarda Ermənistan ordusunun Azərbaycanın bir çox kəndlərini atəşə tutduğunu, bunun nəticəsində də mülki əhali və hərbi qulluqçular arasında itkilər, yaralananlar olduğunu bir daha bəyan etmişdir. Prezidentin xalqa müraciəti əslində iqtidar-xalq birliyinin gücü, ali bir məqsəd ətrafında birləşməsi, qələbə əzminin yüksəldilməsi, vətənin müdafiəsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda birlik nümayiş etdirməsi, haqqımızın zəfər çalacağına ümidimizin gerçəkliyidir.

Qarabağ Azərbaycandır!

Dövrü-qədimdən Azərbaycanın aristokratlar şəhəri kimi tanınan, böyük strateji əhəmiyyətli cənnət Şuşanın təməlini qoyan Pənah xanın, İbrahimxəlil xanın, Gövhər Ağanın, Xan qızı Natəvanın, ümumən Cavanşirlərin, Mir Möhsün Nəvvabın, F.B.Köçərlinin, Y.V.Çəmənzəminlinin, Ə.Haqverdiyevin və bu şəhərin digər görkəmli maarifçi ziyalılarının, sənətkarlarının vətəni necə işğalda qala bilər?! İllərdi bu müqtədir şəxsiyyətlərin, cəmi Qarabağda at oynadan, qılınc çalan, düşmənlərə qarşı vuruşan cəngavər oğulların, son illər Qarabağ savaşında öz canlarından keçən şəhidlərin ruhu narahatdır. Onların qanını almaq, ruhlarını şad etmək də bugünkü nəslin öhdəsindədir...
Ermənistanın baş nazirinin bir il əvvəl Xankəndidə dediyi: “Qarabağ Ermənistandır və nöqtə” zahirən sayıqlama görünüşü yaratmaqla yanaşı, Paşinyanın bir daha məsuliyyətsiz, qeyri-ciddi, siyasi cəhətdən kasad, səriştəsiz, savadsız bir rəhbər olduğunu bütün çılpaqlığı ilə göstərdi.
Prezident İlham Əliyevin bu yalana qarşı qətiyyətlə dediyi: “Qarabağ Azərbaycandır və nida işarəsi!” - əslində dövlət başçımızın güclü məntiqə söykənən həqiqəti düşmənin üzünə çırpmaqla onu rəzil vəziyyətə salmağa qadir türk oğlu, siyasi xadim kimi, Vətənin və xalqın haqq savaşında güclü, ağıllı bir sərkərdə olduğunun ifadəsidir. Dövlətimizin başçısı işğalda olan torpaqların Azərbaycana məxsus olduğunu və qeyd-şərtsiz, dərhal qaytarılmasını qətnamələrdə təsdiq edən həmsədrlərin prinsipsizliyini gördüyündən düşmənə qarşı ordumuzun gücü ilə savaş meydanına girdi. Lakin Ermənistan yenə də havadarlarından kömək umaraq torpaqlarımızdan rədd olmaq istəmir. Ali Baş Komandan düşmənə özünün son, həm də müdrikanə qərarını bildirərək xitab etdi ki, əgər erməni əsgərləri Azərbaycan torpağında ölmək istəmirsə, torpaqlarımızdan çıxmalıdır. Erməni xalqı sülh içində yaşamaq istəyirsə, öz rəhbərlərini durdursunlar... Prezident İlham Əliyev xalqımıza, eləcə də xarici ölkələrin müxbirləri ilə müsahibəsində beynəlxalq təşkilatların işğalçı Ermənistan dövlətini öz çirkin əməllərindən çəkindirməyə çağırır. Çünki, bütün dünya cəmiyyətinə Qarabağın Azərbaycana məxsus olduğu gün kimi aydındır. Bu da onu göstərir ki, Azərbaycan əsgəri erməni işğalında olan torpaqlarımızı azad etmək üçün haqq savaşındadır...
Bu gün Prezidentin “Qarabağ Azərbaycandır!” həqiqətini qürurla səsləndirməsi, işğalçı erməni dövlətinin qədim məskənlərimizdə apardığı təxribatlarına son qoymasını reallaşdıran həyat məntiqinə söykənir. Bu inam, cəsarət müqəddəs torpaqlarımızı işğaldan azad etmək uğrunda əks hücumlarda şücaət göstərən əsgərlərimizdə, bütövlükdə xalqımızda böyük ruh yüksəkliyi yaradır. Eləcə də hamımızı bir məqsəd ətrafında birləşməyə səfərbər edir. Bunlar hər addımda dövlətlə xalqın gücünü göstərən amildir. Bu gün dövlətin bütün daxili və xarici siyasətinin düzgün aparılması, xalqın vətənçilik əxlaqının formalaşması, milli təəssüb hissinin yaranması və Azərbaycanın demokratik, azad bir ölkə olduğunun aydın göstəricisidir. Belə bir sağlam mühitdə, xalqla dövlətin birgəliyində “Qarabağ Azərbaycandır!”, “Biz birlikdə güclüyük!” məntiqi işğaldan azad edəcəyimiz torpaqlarımızın timsalında “Azərbaycan bütöv, demokratik və azad ölkədir” həqiqətini ifadə edir. Vaxtilə ulu öndər Heydər Əliyevin dediyi kimi, Azərbaycan dünyaya Günəş kimi saçılacaqdır... Biz o günün astanasındayıq!
Yazı boyu düşüncəmdə yer alan bir fikri də ifadə etməyə bilmirəm. Deyir, Allahın insanlara olan lütfü və ehsanı Nil çayı kimi axıb-gedir... Azərbaycan əsgəri Uca Yaradanın verdiklərinə şükranlıq edərək, Haqqın qarşısında açdığı yolla gedərək, Vətən torpaqlarını işğaldan azad etmək, onu bütövləşdirməkdən ötrü müqəddəs savaşdadır. Firon əxlaqlı, bəd niyyətli düşmən üçünsə, bu çay qan dəryasıdır. Əvvəl-axır o, bu qan dəryasında boğulub məhv olacaqdır...

Azərbaycan dünyanın diqqətində

Bu gün Azərbaycan əsgəri öz halalca torpaqlarını işğaldan azad etməkdən ötrü savaş meydanındadır. Xalqın və dövlətin mənəvi dəstəyi, böyük əzmi, mərdliyi ilə Ordumuzun Vətən uğrunda apardığı döyüşlər dünya ictimaiyyətinin maraqla izlədiyi hadisələrdi. İlk mənəvi dəstək Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğandan gəldi. Azərbaycanın bu savaşda haqq işinə tərəfdar olan, özünün sərt bəyanatları ilə işğalçı dövləti durmağa səsləyən siyasi xadimin böyük ürək yanğısı ilə Azərbaycan həqiqətlərini önə çəkməsi xalqımız tərəfindən sevgi ilə qarşılanır. Qardaş ölkənin bütün şəhərlərində xalqın mütəşəkkil formada Azərbaycan və Türkiyənin bayrağına sarılaraq birlik nümayiş etdirməsi düşmənlə üz-üzə qanlı savaşda olan əsgərlərimizin ruh yüksəkliyini, Vətən sevgisini alovlandırır.
Rəcəb Tayyib Ərdoğan sosial şəbəkələrdəki səhifəsində etdiyi paylaşımlarında, Türkiyə Böyük Millət Məclisinin iclaslarında çıxış edərək, bütün dünyanı işğala qarşı mübarizədə Azərbaycanın yanında olmağa çağırır. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyənin hərbi qüvvələrinin Azərbaycan ordusunda savaşa qatılması kimi yalan məlumatları ifşa edərək bildirmişdir ki, Azərbaycanın işğalda olan torpaqlarını azad etmək üçün qüdrətli ordusu var və o, təkbaşına bu savaşı Qələbə ilə başa çatdıracaqdır.
Pakistan, Əfqanıstan, Ukrayna, Belarus kimi dövlətlər də öz bəyanatlarında Azərbaycanın yanında olduqlarını bildirmişlər. Bu mənada mətbuatdan, sosial şəbəkələrdən izlədiyimiz məlumatlardan da görürük ki, ölkə vətəndaşlarımız, eləcə də xarici vətəndaşlar (bunların sırasında türk vətəndaşlarından gələn məktubların arası kəsilmir...) Prezidentin saytına ünvanladıqları məktublarında mənəvi dəstək nümayiş etdirirlər. Bütün bunlar onu deməyə imkan verir ki, dünya bizim haqq işimizi görür. Demək, Zəfər günü uzaqda deyil...

Milli ruhun təntənəsi

Bu gün xalqımızın milli ruhunun yüksək olması hər bir azərbaycanlının, eləcə də hadisələri izləyən başqa xalqların da şahidi olduğu gerçəklikdir. Baxın, kəndlərimiz, şəhərlərimiz cəbhə boyu düşmənin müxtəlif növ silahlarından, artilleriyalardan atəşə tutulur. Yüzlərlə evlər dağıdılır, mülki əhali arasında ölənlərin, yaralananların sayı gün-gündən artır. Lakin bir nəfər də olsun yurdunu tərk etmir, hazırkı durumda evsiz-eşiksiz qalsalar da, Vətən sağ olsun, deyirlər. Azərbaycan anası şəhid oğlunu qarşılayarkən acı göz yaşlarını ürəyinə axıdaraq,- səni, bu gün üçün böyütdüm, oğul, Vətən sağ olsun, onu da bil ki, qanın yerdə qalmayacaq, - deyir... On minlərlə könüllülərin müqəddəs bayrağı başlarının üstünə qaldıraraq fərəhlə, intiqam hissilə torpaqlarımızın işğaldan azad olunmasında savaşlara atılmaq istəyi xalqımızın ruh yüksəkliyinin ən mükəmməl göstəricisidir. Hətta evlərin eyvanında yellənən bayraqlardan vəcdə gələn uşaqların sevinclə: “Qarabağ bizimdir, bizim olacaq!” şüarını ürəkdolusu səsləndirməsi onlarda tər-təzə pöhrə kimi milli ruhun oyandığını göstərir. Xalq bu haqq savaşında qüdrətli Ordumuza, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasətinə, məntiqinə, dövlətçiliyimizə, xalqımıza sədaqətinə inanır və tezliklə Qarabağın, onun ətrafında olan rayonların bütövlükdə işğaldan azad olacağına əminliyini bildirir. Cəbhə bölgəsinə gələrək, evləri dağıdılmış, mülki şəxslərin də öldürüldüyü əhali arasında olan xarici müxbirlər də xalqda olan ruh yüksəkliyinin şahidi olurlar. Dünya Azərbaycan xalqının sarsılmaz birliyini, dövlətimizin başçısı Ali Baş Komandanın ətrafında sıx birləşdiyini görür, bu möhtəşəmliyə dostlar sevinir, düşmən yasa batır, onların havadarları isə hələ də susurlar...
Sentyabrın 29-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Müdafiə Nazirliyinin Klinikasında müalicə alan yaralılarla görüşü də hərbçilərimizin, sadə insanların böyük qürur hissi, kövrəkliklə izlədiyi həssas məqamlar idi. Ali Baş Komandanın yaralıların səhhəti ilə yaxından maraqlanması, hər birinə ayrıca diqqəti həssas, duyğulu bir insanın Vətən yarasından ağrıdığını göstərirdi. Prezident hər biri vətənin bir parçası olan döyüşçülərimizin qələbəyə aparan yolda şücaət göstərdiyini böyük sayğı, minnətdarlıq hissilə bildirdi. Bu məqamda dövlət başçımızın Azərbaycanın işğaldan azad olunacağına inamı meydanda idi.
Həmişə olduğu kimi Prezidentin fikirlərinin aydın, məntiqi ifadəsi xalqda böyük ruh yüksəkliyi ilə qarşılandı. Bu həssas məqamlarda Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın yaralı hərbçilərimizlə görüşündə kövrəldikləri, ən duyğulu, ağrılı hisslər yaşadıqları göz önündə idi. Həmin anlarda biz onların yaralı hərbçilərimizi, eləcə də vüqarlı, qüdrətli ordumuzun hər bir əsgərini əzizləri, doğmaları kimi qarşıladıqlarının da şahidi olduq. Həm də dövlətlə xalq birliyinin vəhdətindən, milli ruhun təntənəsindən doğan iftixar hissini yaşadıq...
Torpaq müqəddəsdir, o, murdarlıq götürmür. Azərbaycanın işğal olunmuş əraziləri düşmənin murdar tapdağı altında qala bilməz! Bu Qələbə, bu zəfər tarixə sənin adınla yazılacaq, Azərbaycan əsgəri!..

Mədəniyyət 2020-10-09 11:31:00