×
A
A
A
Sazlamalar

FHN: Ermənistan silahlı qüvvələrinin ağır artilleriya və raket atəşi nəticəsində Azərbaycandakı mülki obyektlərdə yanğınlar baş verib

Bakı, 8 oktyabr, AZƏRTAC

Ermənistan silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələri, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edir.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin atdığı mərmi Ağcabədi rayonunda vətəndaşa məxsus fərdi evdə yanğına səbəb olub. Əraziyə cəlb olunmuş FHN Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən yanğının yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.
Ağdam rayonunda düşmən artilleriyasının atdığı mərmi vətəndaşa məxsus köməkçi tikilinin yanar konstruksiyalarının alovlanmasına səbəb olub. Yanğınsöndürmə qüvvələri tərəfindən yaxınlıqdakı ev yanğından mühafizə edilib. Bundan əlavə, Ermənistan ordusunun atdığı mərmi səbəbindən Ağdam rayonunda digər vətəndaşa məxsus fərdi yaşayış evində yanğın baş verməsi barədə FHN-ə məlumat daxil olub. Düşmən tərəfindən ərazi intensiv atəş altında saxlanıldığından yanğına müdaxilə edilməsi mümkün olmayıb.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar nazirliyin 112 – “qaynar” telefon xəttinə dərhal məlumat verilməsi xahiş olunur.

Hadisə 2020-10-08 18:03:00