×
A
A
A
Sazlamalar

Yaponiyanın ölkəmizdəki yeni səfirinə Ermənistanın təcavüzkar siyasəti və son günlər törətdiyi təxribatlar barədə məlumat verilib

Bakı, 8 oktyabr, AZƏRTAC

Yaponiyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçiyə Ermənistanın ölkəmizə qarşı törətdiyi müharibə cinayətləri və apardığı xain hücum siyasəti barədə məlumat verilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayev təəssüflə bildirib ki, son günlər işğalçıların Azərbaycanın iri şəhər və kəndlərini, yaşayış məntəqələrini, mülki obyektləri intensiv atəşə tutması nəticəsində dinc əhali arasında həlak olan və yaralananlar var.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qanunsuz fəaliyyəti, təbii resurslarımızın talan olunması, su ehtiyatlarından təmas xəttinə yaxın ərazilərdə yaşayan yüz minlərlə əhalimizə qarşı ekoloji terror vasitəsi kimi istifadə etməsi və transsərhəd çayların çirkləndirilməsi məsələləri də səfirin diqqətinə çatdırılıb.
Təcavüzkar Ermənistanın torpaqlarımızın işğalına son qoyması, Azərbaycanın ədalətli mövqeyinə, özünümüdafiə hüququ çərçivəsində atdığı addımlara dünya ölkələrinin, beynəlxalq təşkilatların dəstək olması və Ermənistana təzyiq göstərməsinin vacibliyi vurğulanıb.
V.Cüniçi münaqişənin həllinin region üçün mühüm önəm kəsb etdiyini bildirib.
Bununla yanaşı, Azərbaycan-Yaponiya arasında mövcud əməkdaşlıq və gələcək planlar müzakirə olunub, Azərbaycan-Yaponiya birgə İqtisadi Komissiyası çərçivəsində fəaliyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

2020-10-08 14:46:00