×
A
A
A
Sazlamalar

İmişlidə məhsul bu il ötən illə müqayisədə çox olub

İmişli, 8 oktyabr, Mahir Babayev, AZƏRTAC 

İmişlidə bu mövsüm 164.4 hektar sahədə tərəvəz əkilib ki, bunun da 42.8 hektarı pomidor, 46 hektarı isə xiyar sahəsidir. Məhsul istehsalçıları əkin sahəsində nümunəvi becərmə işləri apardıqları üçün plantasiyalarda məhsul bu il ötən ildəkindən qat-qat çox olub.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il imişlili əkinçilər erkən yazda ümumilikdə 88.8 hektar sahədə pomidor-xiyar bitkisi becəriblər. Məhsul yığımına vaxtında başlayan torpaq sahibləri cari ilin 9 ayı ərzində 42.8 hektar pomidor, 46 hektar xiyar sahəsindən ümumilikdə 1178.1 ton məhsul toplayıblar ki, bunun da 748.1 tonunu pomidor, 430 tonunu isə xiyar təşkil edir. Hər hektar pomidor sahəsinin məhsuldarlığı 174.8, xiyar sahəsininki isə 93.5 sentner olub. Hələ sahələrdə məhsul çoxdur. Mütəxəssislərin hesablamalarına görə, bundan sonra sahələrdən daha 15-20 tona yaxın məhsul toplamaq mümkün olacaq. Fermerlər yetişdirdikləri məhsulu itkisiz toplamaq üçün bütün imkanlardan səmərəli istifadə edirlər.
Qeyd edək ki, imişlili əkinçilərin cari ilin 9 ayı ərzində istehsal etdiyi pomidor-xiyarın 422.2 tonu rayonda mövcud olan istixana komplekslərindən toplanılıb.

 

Kənd təsərrüfatı 2020-10-08 12:02:00