×
A
A
A
Sazlamalar

FHN: Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində Azərbaycanda mülki obyektlərdə yanğın və dağıntılar törədilib VİDEO

Bakı, 7 oktyabr, AZƏRTAC

Ermənistanın silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələri, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edir.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin atdığı mərmi Ağdam rayonunda vətəndaşa məxsus fərdi evi dağıdıb. FHN-in əraziyə cəlb olunmuş Qarabağ Regional Mərkəzinin xilasediciləri tərəfindən bir nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Füzuli rayonuna düşən mərmi FHN Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) yanğınsöndürmə avtomobilinə ziyan vurub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Düşmənin atdığı mərmi Goranboy rayonunda yerləşən FHN DYMX Xocalı rayon Yanğından Mühafizə Hissəsinin inzibati binasına və yaxınlıqdakı minik avtomobilinə ziyan vurub. Xəsarət alan yoxdur.
Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar nazirliyin 112 – “qaynar” telefon xəttinə dərhal məlumat verilməsi xahiş olunur.

2020-10-07 19:03:00

Video