×
A
A
A
Sazlamalar

“Azərtütün ASK” MMC-nin emal məntəqələri bu günədək istehsalçılardan 10 min tondan çox yaş tütün qəbul edib

Zaqatala, 7 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Qarabağ cəbhəsindən bir-birinin ardınca gələn qələbə müjdəli xəbərlər, ordumuzun inamla irəliləyərək, bir sıra yaşayış məntəqələrini erməni qəsbkarlarından azad etməsi arxa cəbhədə fəaliyyət göstərən vətəndaşlarımızda da böyük ruh yüksəkliyi yaradıb. Hamı düşmən üzərində tam qələbənin əldə edilməsi uğrunda başladığımız mücadiləyə öz töhfəsini verməyə çalışır. Qarabağ bölgəsində genişmiqyaslı hərbi əməliyyatların aparıldığı bir zamanda aqrar sahədə çalışan zəhmət adamlarının da əli bir an belə işdən soyumur. Torpaq mülkiyyətçiləri min bir əziyyətlə yetişdirdikləri məhsulun sahələrdən vaxtında və itkisiz toplanması, ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunması üçün var qüvvəsi ilə çalışırlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda respublikamızın şimal-qərb bölgəsi rayonlarında “Azərtütün ASK” MMC-yə məxsus tütün sahələrində yaş tütün yarpağının dərimi həmişəki qaydada davam edir. Bu günədək cəmiyyətin Balakən, Zaqatala, Qax və Şəki rayonlarında fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinə fermerlərdən 10 min 795,5 ton yaşıl tütün kütləsi daxil olub.
Məhdud Məsuliyyətli Cəmiyyətin şöbə müdiri Mütəllib Mustafayevin verdiyi məlumata görə, tütün istehsalı və emalı məntəqələri indiyədək Şəki rayonu üzrə istehsalçılardan 3 min 770,6 ton, Zaqatala rayonu üzrə 2 min 532,7 ton, Balakən rayonu üzrə 2 min 356,1 ton, Qax rayonu üzrə isə 2 min 136 ton yaşıl tütün kütləsi qəbul edib. Hazırda bu rayonlardakı emal məntəqələrində 252 kameraya qurudulmaq üçün yaş tütün qoyulub. Eyni zamanda, bu günədək emal məntəqələrində 1 min 336 ton 841 kiloqram quru tütün istehsal olunaraq anbarlara yığılıb.
Mütəllib Mustafayev bildirib ki, indiyədək emal məntəqəsinə bölgə üzrə hamıdan çox Balakəndən olan fermerlər Ruslan Məmmədov 202,5 ton və İmran Cumayev 201,7 ton yaşıl tütün kütləsi təhvil veriblər. Qax rayonundan Telman Şahmalıyev bu günədək məntəqəyə 198,6 ton, Zaqataladan Vaqif Şabanov 156 ton, Şəkidən Oruc Əhmədov isə 149 ton yaş tütün gətirib.
Qeyd edək ki, “Azərtütün ASK” MMC tərəfindən builki mövsümdə respublikamızın şimal-qərb bölgəsinə daxil olan Zaqatala, Balakən, Qax və Şəki rayonlarında 1527,5 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib.

Kənd təsərrüfatı 2020-10-07 17:33:00