×
A
A
A
Sazlamalar

Musiqili Teatr Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Bakı, 7 oktyabr, AZƏRTAC 

Bu gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşları ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan ordumuza dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 13 min 627 manat məbləğində pul vəsaiti ianə ediblər.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə teatrın bütün kollektivi – sıravi işçisindən tutmuş Xalq artistlərinə qədər, hamı bu təşəbbüsdə iştirak etmək üçün teatr rəhbərliyinə ərizə ilə müraciət edərək, əməkhaqlarının müəyyən bir hissəsini Silahlı Qüvvələrə Yardım Fonduna köçürülməsinin təmin olunmasını istəyiblər. Bu xeyirxah və qürurverici missiyada iştirak etməkdən məmnun olduqlarını bildirən kollektivin üzvləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin, qəhrəman ordumuzun yanında olduqalarını vurğulayıblar.
Ərizə ilə müraciət edənlər “Qarabağ Azərbaycandır!”, “Qarabağ bizimdir, bizim olacaq!”, “Bütün erməni milləti əsgərlərimizlə görüşdə kövrələn, əziz Mehriban xanımın, şəhid analarının göz yaşlarının bir giləsinə belə dəyməz!”, “Haqq yolumuzda qələbə bizimdir!”, “Əsas ordumuzun ruh yüksəkliyidir, o da zirvələrdədir!” fikirlərini səsləndiriblər, işğalda qalan ərazilərimizin azadlığı uğrunda Vətən müharibəsində şanlı ordumuza ürəkdən inandıqlarını bildiriblər.
Teatr kollektivinin könüllü olaraq göstərdiyi yardım davam etdirilir.

Mədəniyyət 2020-10-07 11:59:00