×
A
A
A
Sazlamalar

“Qarabağ – mədəniyyətimizin beşiyi”: Sarı Aşığın Xatirə Muzeyi

Bakı, 6 oktyabr, AZƏRTAC 

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihəyə start verilib.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində növbəti material Sarı Aşığın Xatirə Muzeyinə həsr edilib.
Materialda bildirilir ki,1989-ci ildə Laçın rayonunun Güləbird kəndində XVII əsrdə yaşamış bayatı ustadı Sarı Aşığın xatirə muzeyi istifadəyə verilmişdi. Xatirə-muzeyinə Sarı Aşıqla bağlı 150 əşya bağışlanılmış və abidəsi ucaldılıb.
Muzeyin əsas fəaliyyət növü əslən Güləbird kəndindən olan Sarı Aşığın dillər əzbəri olan bayatılarının, deyimlərinin itib-batmaması və gələcək nəsillərə çatdırılması üçün çalışmaq olub.
1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Laçın rayonunun işğal edilməsi nəticəsində muzeyin binası və 200-ə yaxın eksponatı məhv edilmiş və talan edilib.
Qeyd edək ki, layihə çərçivəsində mədəni irsimizə qarşı vandalizm aktları, əzəli yurd yerlərimizdəki abidələr, tarixi həqiqətlərin yerli və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün hazırlanan məlumatların müxtəlif dillərdə qlobal internet məkanında, o cümlədən sosial şəbəkələrdə yayılması nəzərdə tutulur.

Mədəniyyət 2020-10-06 15:28:00