×
A
A
A
Sazlamalar

“Talıstan” Aşıqlar Ansamblı yaradılıb

Bakı, 6 oktyabr, AZƏRTAC 

Azərbaycan Aşıqlar Birliyinin (ABA) təşəbbüsü ilə İsmayıllı rayonunda ustad aşıq Yanvar Bədəlov adına “Talıstan” Aşıqlar Ansamblı yaradılıb.
Bu barədə AZƏRTAC-a məlumat verən AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, ansamblın yaradılmasında əsas məqsəd İsmayıllı və ətraf bölgələrdə aşıq sənəti ilə məşğul olanları bir yerə cəmləmək, onların fəaliyyətini stimullaşdırmaq, eləcə də, yeniyetmə və gənclərdə bu sənətə meyil və marağın artırılmasına nail olmaqdır. Aşıq Elman Mehdiyevin rəhbərliyi altında yeni yaradılmış ansamblın üzvləri Ustad aşıq Cavid Əmiraslanov, Sahibə Abdullayeva, Qalib Güləliyev, Elçin Məmmədov, Mətləb Məmmədov, solo saz ifaçısı Rövşən Baxşəliev, balabançılar Əlicavad Cavadov və Aqil Xudaverdiyevdir. Artıq ansambl İsmayıllı rayon Mədəniyyət evində məşqlərə başlayıb. Yaxın zamanlarda ansamblın ilk çıxışının təqdimatı olacaq.
M.Nəbioğlu həmçinin onu da əlavə edib ki, aşıq sənətinin daha çox yayıldığı digər rayonlarda da belə ansamblların yaradılması nəzərdə tutulur.

Mədəniyyət 2020-10-06 15:30:00