×
A
A
A
Sazlamalar

Teyyub Aslanov: Cıdır düzündə yenidən “Xarı bülbül” festivalının təşkil ediləcəyi o günü səbirsizliklə gözləyirik

Bakı, 6 oktyabr, AZƏRTAC

Azərbaycan Ordusunun başlatdığı bu zəfər yürüşü tezliklə bizi öz hədəfimizə çatdıracaq, doğma yurdundan didərgin düşmüş insanları öz dədə-baba yurdlarına qaytaracaq. Hər bir azərbaycanlının uzun illər səbirsizliklə gözlədiyi gün artıq gəlib çatıb. Prezident və Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və iradəsi sayəsində işğal olunmuş bütün torpaqlarımız tezliklə düşmən tapdağından azad ediləcək.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Xalq artisti, Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin kafedra müdiri Teyyub Aslanov deyib.
Bu gün Azərbaycan xalqı öz tarixi torpaqlarını düşməndən azad etmək üçün haqq mübarizəsinə qalxıb: “Biz musiqi ictimaiyyəti, muğam ifaçıları da ordumuzun yanındayıq. İnanıram ki, Şuşanın başı dumanlı dağlarında yenidən günəş doğacaq. Musiqiçilər, muğam ifaçıları Cıdır düzündə yenidən “Xarı bülbül” festivalının təşkil ediləcəyi o günü səbirsizliklə gözləyir. Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə ölkəmizdə illərdir təşkil edilən beynəlxalq musiqi festivallarına dünyanın bir çox ölkələrindən tanınmış musiqiçilər qatılır. İnanıram ki, biz tezliklə bütün dünyaya, eləcə də beynəlxalq musiqi ictimaiyyətinə Qarabağın, Şuşanın, Kəlbəcərin əzəli Azərbaycan torpaqları olduğunu əyani olaraq nümayiş etdirə biləcəyik.
Son günlər cəbhədən sevindirici xəbərlərin gəlməsi, Ali Baş Komandanın çıxışları hər bir vətəndaşda böyük inam və zəfər hissi yaradır. Xanın , Üzeyir bəyin, Seyidin vətəni olan Şuşada yenidən muğamımız sədalanacaq. Azərbaycan öz gücünü , qüdrətini və zəfərini bəyan edəcək”.

Mədəniyyət 2020-10-06 14:30:00