×
A
A
A
Sazlamalar

Banklar Assosiasiyası Silahlı Qüvvələrə Yardım Fonduna dəstək olub

Bakı, 5 oktyabr, AZƏRTAC

Azərbaycan Banklar Assosiasiyası (ABA) Rəyasət Heyətinin 2020-ci il 2 oktyabr tarixli qərarı ilə quruma üzv banklar ordumuza və cəbhə bölgəsində yaşayan vətəndaşlarımıza dəstək aksiyasına başlayıb.
ABA-dan AZƏRTAC-a bildirilib ki, oktyabrın 5-də banklar tərəfindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 6 milyon manata yaxın vəsait köçürülüb.
Məlum olduğu kimi, cəbhə xəttində gərgin döyüşlər davam edir və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Şanlı Ordumuz düşmənin uzun illərboyu işğal altında saxladığı dədə-baba torpaqlarımızı erməni vandallarından təmizləyərək bayrağımızı dalğalandırır. Düşmən çaşqınlıq içində özünün əsl simasını bir daha göstərərək yaşayış məntəqələrini, mülki əhalimizi atəşə tutur, qadın və uşaqları hədəfə alır. Hazırda hər bir azərbaycanlının məqsədi dövlətimizə, Şanlı Ordumuza dəstək göstərməkdir. Bu şərəfli yolda bütün Azərbaycan xalqı həmrəylik içində birgə addımlayır və daha da əzmlə qələbəyə doğru irəliləyir.
Bir daha bəyan edirik ki, ölkənin bank icması bütün resursları ilə dövlətimizin, ölkə rəhbərliyinin hər zaman yanındadır. Əminik ki, Ali Baş Komandanın əmri ilə hərəkətə keçmiş Şanlı Ordumuz tez bir zamanda torpaqlarımızı mənfur düşmənlərdən birdəfəlik təmizləyərək regionda sülhün və dirçəlişin əsasını qoyacaq, cəmiyyətimizin birliyi və dəstəyi ilə xalqımız bu sınaqdan da şərəflə çıxacaq və gələcək nəsillərə xoşbəxt günlər bəxş edəcək. Ölkəmizin qarşılaşdığı bütün sınaqlarda Azərbaycan Banklar Assosiasiyası öz üzvləri ilə birlikdə vətəndaşlarımızın, dövlətimizin yanında olub, istənilən mümkün vasitələrlə öz dəstəyini göstərməyə çalışıb. Ölkənin bank icması bütün resursları ilə dövlətimizin, ölkə rəhbərliyinin hər zaman yanındadır.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Maliyyə 2020-10-05 17:33:00