×
A
A
A
Sazlamalar

“Karlson” tamaşası onlayn nümayiş ediləcək

Bakı, 5 oktyabr, AZƏRTAC

Oktyabrın 9-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının sosial şəbəkələrində rusdilli tamaşaçılar üçün “Karlson” tamaşası nümayiş ediləcək.
AZƏRTAC xəbər verir ki, gürcüstanlı kukla rejissoru Yelene Mastxonaşvilinin quruluşunda özünün mükəmməl sənət məzmununu tapan tamaşanın quruluşçu rəssamı Vaxtanq Koridze, bəstəkarı Şalva Masxonaşvilidir.
Astrid Lindqrenin öz mükəmməlliyini illərdir ki, saxlayan “Karlson”u damda yaşayan sehrli balacaboyun unikal hekayəsi hamımıza tanışdır.
Özünə dost axtaran, təklikdən darıxan balaca oğlanın yaxın dostuna çevrilən, onunla səmimi, mehriban ünsiyyət quran mürəbbəsevən Karlsonun kuklaçıların səhnəsindən keçən yolu da maraqlıdır.
Birhissəli uşaq tamaşasında canlı plan oyunu, fərdi nəqletmə forması yaxşı tapıntılardandır.
Qeyd edək ki, tamaşa teatrın “YouTube” kanalında saat 12:00-da yayımlanacaq.

 

Teatr və kino 2020-10-05 11:49:00