×
A
A
A
Sazlamalar

TƏBİB: Hazırda yaralı hərbçilərimizin sağlamlığına qovuşması üçün maddi-texniki baza tam təmin edilib

Bakı, 4 oktyabr, AZƏRTAC

Son günlər Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin təxribat xarakterli hücumlarına layiqli cavabı, təcavüzkar qüvvələrə öz həddini göstərməsi hər birimizin ruhunda qürur və ləyaqət duyğusunu alovlandırır. Bu gün bütün dövlət qurumları, özəl müəssisələr - hər bir Azərbaycan vətəndaşı öz Ordusunun yanındadır.
Tibbi Ərazi Bölmələrin İdarəetmə Birliyindən (TƏBİB) AZƏRTAC-a bildirilib ki, müxtəlif sahələr üzrə ixtisaslı həkimlər də bu nəcib təşəbbüsə qoşulur, TƏBİB-in elektron poçt ünvanı və sosial şəbəkə hesabları vasitəsilə könüllü olaraq yaralı əsgərlərimizin müalicə prosesində iştirak etmək niyyətlərini ifadə edirlər.
TƏBİB bütün tibb işçilərinə göstərdikləri həmrəyliyə görə təşəkkür edir. Bildirilir ki, hazırda yaralı hərbçilərimizin sağlamlığına bir an öncə qovuşması üçün maddi-texniki baza tam təmin edilib, səhiyyə müəssisələri komplektləşib və aidiyyəti ixtisaslı tibb işçiləri artıq fəaliyyətə başlayıb. Əlavə resurslara zərurət yoxdur.
Qurum bir daha təmənnasız xidmətə hazır olan bütün tibb işçilərinə minnətdarlığını bildirir, Azərbaycanın müzəffər Ordusunun qələbəsinə əminliyini ifadə edir.

Səhiyyə 2020-10-04 14:32:00