×
A
A
A
Sazlamalar

BMT-nin Avropa İqtisadi Komissiyasının iclasında iştirakçılar Ermənistan tərəfindən Azərbaycan ərazilərində törədilən ekoloji terrorun qətiyyətlə qınanılmasına çağırılıb

Bakı, 3 oktyabr, AZƏRTACC

Cenevrədə BMT-nin Avropa İqtisadi Komissiyasının Su Konvensiyasının iclası keçirilib.
Videokonfrans formatında keçirilən iclasa dünyanın 100-dən çox ölkəsi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) nümayəndələri, Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi qatılıb.
Tədbirin əsas mövzusu suyun mühafizəsi üzrə transsərhəd əməkdaşlığın gücləndirilməsi və suya bərabər çıxışın təmin edilməsi olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ETSN-in Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Emin Qarabağlı çıxış edərək görüş iştirakçılarını Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycanın ərazilərində törədilən ekoloji terror, əhalinin sudan məhrum edilməsi, transsərhəd çayların qabağının alınması və çirkləndirilməsi, su anbarlarının baxımsızlıqdan qəza vəziyyətinə düşməsi ilə ətrafdakı yaşayış məntəqələri və yüz minlərlə əhalinin təhlükə altında olmasından danışıb. O, hər kəsi Ermənistanın ölkəmizə qarşı törətdiyi təcavüz aktlarını qınamağa çağırıb.
Nazirliyin nümayəndəsi qeyd edib ki, BMT-nin Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etsə də, qarşı tərəf bu qətnamələrə məhəl qoymur. Əksinə, onlar işğal olunmuş ərazilərdə cinayətkar və qondarma rejim yaradaraq qanunsuz fəaliyyət göstərirlər.
Beynəlxalq ekoloji ictimaiyyətə müraciət olunaraq, Ermənistanın regiondakı işğalçı siyasətinə, bunun nəticəsində illərlə davam edən ekoloji terrora son qoyulması üçün qətiyyətli tədbirlərin görülməsinə çağırış edilib.

Ekologiya 2020-10-03 15:01:00