×
A
A
A
Sazlamalar

Neftçalada bu günədək sahələrdən 6 min tondan çox pambıq yığılıb

Neftçala, 3 oktyabr, Mahir Babayev, AZƏRTAC 

Neftçalada kütləvi pambıq yığımına başlanılıb. Plantasiyalardan bu günə kimi 6 min tondan çox məhsul yığılıb. Yığılan pambığın 4 min 600 tondan çoxu maşınların köməyi ilə toplanıb. Hər gün sahələrdən 700 tondan çox “ağ qızıl” yığılır ki, bunun da 640 tonu maşınlarla, 60 tonu isə əl ilə yığılır. Hazırda pambıq plantasiyalarında 32 pambıqyığan kombayn işləyir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il rayonda 5 min 972 hektar sahədə pambıq əkilib. Torpaq mülkiyyətçiləri tərəfindən bitkiyə nümunəvi qulluq göstərildiyindən bu il sahələrdə məhsul boldur. Sahibkarlar yetişdirdikləri pambığın son qozasınadək toplamaq üçün bütün qüvvələrini sərf edirlər. Rayonun Xol, Boyat, Sarıqamış, Mirzəqurbanlı zonalarında yığım kampaniyası daha mütəşəkkil təşkil olunub. Dövlət tərəfindən qeyri-neft sektorunun, xüsusilə pambıqçılığın inkişafına göstərilən hərtərəfli dəstək bu zonalarda fəaliyyət göstərən fermerlərin pambıq əkininə olan marağını xeyli artırıb. Bu ərazilərdə fəaliyyət göstərən fermerlər bu mövsüm ötən ildəkindən qat-qat çox məhsul yetişdirib və yığım apardıqları sahələrin hər hektarından 30-35 sentner məhsul götürürlər.
Qeyd edək ki, ötən il neftçalalı pambıqçılar sahələrdən 16 min 71 ton pambıq yığıblar.

Kənd təsərrüfatı 2020-10-03 12:00:00