×
A
A
A
Sazlamalar

Pambıqyığan maşınlar sahələrə çıxarılıb

Ağsu, 3 oktyabr, AZƏRTAC
Ağsu rayonunda pambıq yığımı davam edir və artıq pambıqyığan maşınlar da sahələrə çıxarılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ilk vaxtlardan tarlalara 2 ədəd pambıqyığan texnika çıxarılıb və iki gündə maşınların qüvvəsi ilə 30 ton “ağ qızıl” yığılıb. Toplanan məhsul Ərəbmehdibəy ərazi dairəsində fermerlərə məxsus sahələrdəndir.
Qeyd edək ki, cari ildə rayonda 600 hektarda pambıq yetişdirilib. Sahələrin 400 tonunun məhsulu pambıqyığan maşınların qüvvəsi ilə toplanacaq. İndiyədək rayon üzrə kondisiya çəkidə 353,3 ton pambıq yığılıb ki, bu da əl əməyinin nəticəsidir. Hazırda əl ilə məhsul yığımı üçün hər gün sahələrə 350 nəfərdən çox işçi qüvvəsi çıxır.
Hazırda rayonda nəinki pambıq yığımında, ümumən kənd təsərrüfatının bütün sahələrində insanlar yüksək əhval-ruhiyyə ilə çalışır, mütəşəkkillik nümayiş etdirirlər. Bu, əlbəttə, hər şeydən əvvəl respublikamızda tətbiq olunan hərbi vəziyyətlə bağlıdır. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin düşmənə endirdiyi ağır zərbə, 30 ildən bəri erməni qəsbkarları tərəfindən işğal edilən torpaqlarımızın geri qaytarılması uğrunda şanlı mübarizə hər kəsdə böyük sevinc, birlik və mütəşəkkillik əhval-ruhiyyəsi yaradıb.

Kənd təsərrüfatı 2020-10-03 11:28:00