×
A
A
A
Sazlamalar

Zaqatalada 11 min hektarda payızlıq dən bitkilərinin səpini proqnozlaşdırılır

Zaqatala, 2 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Zaqatala rayonunda gələn ilin məhsulu üçün 11 min hektar sahədə payızlıq dən bitkilərinin səpini proqnozlaşdırılır. Bu məqsədlə indiyədək 5400 hektar sahədə yay şumu aparılıb və bu iş davam etdirilir. Artıq rayonun bəzi ərazilərində arpa səpininə start verilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Vaqif Şabanov məlumat verib.
Qurum rəsmisi bildirib ki, indiyədək Əliabad qəsəbəsinin, Muğanlı, Bəhmətli, Yengiyan, Kəpənəkçi, Dağlı kəndlərinin ərazilərində 420 hektar sahəyə arpa toxumu səpilib. Payızlıq dən bitkilərinin səpini üçün rayonda fəaliyyət göstərən toxumçuluq təsərrüfatları tərəfindən indiyədək 960 ton yüksək reproduksiyalı toxum fondu yaradılıb. Ayrılmış buğda və arpa toxumu təmizlənərək dərmanlanıb və səpinə hazır vəziyyətə gətirilib. Eyni zamanda, fermerlər səpin üçün lazım olan keyfiyyətli və sertifikatlaşdırılmış toxumları “Aqroservis” ASC-nin rayon bölməsindən və digər toxumçuluq təsərrüfatlarından ala biləcəklər.
Rayon üzrə səpin kampaniyasına hələlik 140-dək traktor və toxumsəpən aqreqat cəlb edilib.

Kənd təsərrüfatı 2020-10-02 17:02:00