×
A
A
A
Sazlamalar

Sabah bəzi yerlərdə yağış, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir

Bakı, 2 oktyabr, AZƏRTAC 

Azərbaycanda oktyabrın 3-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Səhər saatlarında zəif duman olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17°, gündüz 22-24° isti, Bakıda gecə 15-17°, gündüz 22-24° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 millimetr civə sütunundan 767 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 50-60 faiz təşkil edəcək.
Oktyabrın 3-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 15-19°, gündüz 22-26°, dağlarda gecə 3-8°, gündüz 8-12° isti olacağı ehtimal edilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, oktyabrın 3-4-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 22-27° isti olacağı proqnozlaşdırılır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək, arabir sürətlənəcək. Havanın temperaturunun gecə 3-8°, gündüz 8-12° isti olacağı bildirilir.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 10-15°, gündüz 18-23° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək, arabir sürətlənəcək. Havanın temperaturunun gecə 8-13°, gündüz 16-21° isti, dağlarda gecə 3-7°, gündüz 7-12° isti olacağı ehtimal edilir.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 15-19°, gündüz 22-26° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı ehtimal edilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-18°, gündüz 20-24° isti, dağlarda gecə 9-11°, gündüz 12-14° isti olacağı ehtimalı var.

Ekologiya 2020-10-02 14:00:00