×
A
A
A
Sazlamalar

Salyanda tədarük olunan pomidor-xiyarın 18 min tondan çoxu istixanalardan yığılıb

Salyan, 2 oktyabr, Mahir Babayev, AZƏRTAC 

Salyanda bu mövsüm 1385.4 hektar sahədə tərəvəz əkilib ki, bunun da 535.8 hektarı pomidor, 406.2 hektarı isə xiyar sahəsidir. Məhsul istehsalçıları əkin sahəsində nümunəvi becərmə işləri apardıqları üçün plantasiyalarda məhsul bu il ötən ildəkindən qat-qat çoxdur.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il salyanlı əkinçilər erkən yazda ümumilikdə 942 hektar sahədə pomidor-xiyar bitkisi becəriblər. Məhsul yığımına vaxtında başlayan torpaq sahibləri cari ilin 8 ayı ərzində 535.8 hektar pomidor, 4406.2 hektar xiyar sahəsindən ümumilikdə 31 min 370.4 ton məhsul toplayıblar ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12 min 724.7 ton çoxdur. Yığılan məhsulun 26 min 697.3 tonunu pomidor, 4 min 673.1 tonunu isə xiyar təşkil edib. Hələ sahələrdə məhsul çoxdur. Mütəxəssislərin hesablamalarına görə, bundan sonra sahələrdən daha 1100 tona yaxın məhsul toplamaq mümkün olacaq. Fermerlər yetişdirdikləri məhsulu itkisiz toplamaq üçün bütün imkanlardan səmərəli istifadə edirlər.
Qeyd edək ki, salyanlı əkinçilərin yarım ildə istehsal etdiyi pomidor-xiyarın 18 min 645.7 tonu rayonda mövcud olan 453 istixana kompleksindən yığılıb.

Kənd təsərrüfatı 2020-10-02 12:19:00