×
A
A
A
Sazlamalar

Erməni təxribatlarına dair məlumatların geniş ictimaiyyətə çatdırılması üçün İsveçrə şəhərlərində tədbirlər keçirilib

Bern, 2 oktyabr, AZƏRTAC 

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün qınanılması, təxribatlarla bağlı məlumatların daha geniş kütləyə çatdırılması istiqamətində Azərbaycanın İsveçrədəki səfirliyinin təşkilatçılığı, “Azərbaycan-Türk Mədəniyyət Assosiasiyası”, “Azərbaycan Dostları Birliyi” və İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurasının dəstəyi ilə Soloturn və Sürix şəhərlərində tədbirlər təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Soloturn şəhərində baş tutan tədbirdə əvvəlcə səfirliyin diaspor nümayəndələrimiz üçün çağırışı səslənib. Çağırışda Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin beynəlxalq ictimaiyyət tərəfindən tanınması qeyd edilərək 30 ildir ki, aparılan danışıqlara Ermənistan tərəfindən ciddi zərbə vurulması diqqətə çatdırılıb, hazırda öz torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində ermənilərin təxribatına cavab olaraq döyüşlərin aparıldığı qeyd olunub. Bundan əlavə, bildirilib ki, indiki məqamda dünya azərbaycanlıları Ermənistan dövlətinin işğalçı siyasətinin ifşa edilməsi, erməni lobbisinin yalanlara söykənən fəaliyyətinin qarşısının alınması istiqamətində yaşadıqları ölkələrdə ciddi və məqsədyönlü işlər aparmalıdırlar.
Tədbirdə İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurasının rəhbəri Əkbər Gəncə, “Azərbaycan-Türk Mədəniyyət Assosiasiyası”nın rəhbəri Cevzet Aras, eləcə də türk diaspor nümayəndələri çıxış edərək Qarabağın əzəli və tarixi Azərbaycan torpağı olduğunu qeyd edib, tədbir iştirakçılarına ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımları barədə ətraflı məlumat verib, Ermənistanın xain hücumunu pisləyib və səfirin çağırışına uyğun olaraq İsveçrədəki həm Azərbaycan, həm də Türkiyə diaspor nümayəndələrinin fəal olmalarının vacibliyinə toxunublar. Eyni zamanda, çıxışlarda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev başda olmaqla xalqımıza dəstək nümayiş olunub, ordumuzun tezliklə qələbə qazanacağına əminlik ifadə edilib.
Tədbirin sonunda türk məscidinin axundu döyüşlər vaxtı şəhid olan soydaşlarımızın ruhuna dualar oxuyub və iştirakçılar üçün ehsan süfrəsi təşkil edilib.
İsveçrə Konfederasiyasında yaşayan diaspor nümayəndələrimizin növbəti tədbiri Azərbaycan Dostları Birliyinin təşkilatçılığı ilə diasporumuzun sıx məskunlaşdığı şəhərlərdən biri olan Sürixdə baş tutub. Tədbir zamanı Arzu Bodmer də səfirliyin diaspor nümayəndələrimiz üçün çağırışını səsləndirib. Daha sonra cəbhə xəttindəki vəziyyət müzakirə edilib, hadisələrin İsveçrə dövlət qurumlarının diqqətinə çatdırılmasının vacibliyi, petisiyanın hazırlanması, diasporun bu çətin zamanda fəaliyyətinin və birliyinin önəmi və digər məsələlər müzakirə edilib.
Qeyd edək ki, İsveçrədə türk diasporunun sayının çox olması nəzərə alınaraq geniş oxucu kütləsinə malik “Post Gazetesi”ndə səfir X.İbrahimovanın həmrəyliklə bağlı məqaləsi dərc olunub və münaqişə barədə geniş məlumat verilib.

Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bern 

Siyasət 2020-10-02 11:36:00