Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Tıq-tıq və Taq-taqın nağılı” tamaşası onlayn nümayiş ediləcək

Bakı, 2 oktyabr, AZƏRTAC

Oktyabrın 4-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün sosial şəbəkələrindən “Tıq-tıq və Taq-taqın nağılı” tamaşasını nümayiş etdirəcək.
AZƏRTAC xəbər verir ki, Abdulla Şaiqin “Tıq-tıq xanım” nağılının motivləri əsasında teatrın baş rejissoru Qurban Məsimovun səhnələşdirdiyi və quruluş verdiyi “Tıq-tıq və Taq-taqın nağılı” tamaşası ideya yükü, səhnə estetikası və yeni ştrixləri ilə diqqəti cəlb edir.
Uşaqlara lovğalıq, bədbinlik, ətrafına münasibətdə laqeydlik kimi keyfiyyətlərin fəsadlarını qəhrəman Tıq-tıqın üzləşdiyi hadisələr fonunda təqdim edən rejissor tamaşaya əlavə etdiyi Taq-taq obrazında isə əsl dost, sadiq və səmimi yoldaş xüsusiyyətlərini cəmləşdirib. Balacalara sevgi, mehribanlıq, sadəlik, ən əsası ağıllı olmağı tövsiyə edən Taq-taq yeni tamaşanın əsas qəhrəmanı kimi səhnə əsərinin sonluğunun da dəyişməsinə nail olur. Belə ki, klassik nümunədən fərqli olaraq yeni tamaşanı müsbət sonluqla bitirən rejissor Taq-taqı xudpəsənd Tıq-tıqın xilaskarı kimi təqdim edir və dostluğun, mehribanlığın, səmimiyyətin qələbəsi tamaşaçıları, xüsusən balacaları sevindirir.
Qeyd edək ki, tamaşa teatrın “YouTube” kanalından saat 12-də nümayiş olunacaq.

 

Teatr və kino 2020-10-02 10:50:00