×
A
A
A
Sazlamalar

Banklar Assosiasiyası Ermənistanın ölkəmizə qarşı növbəti təxribatı ilə bağlı bəyanat yayıb

Bakı, 1 oktyabr, AZƏRTAC

Azərbaycan Banklar Assosiasiyası (ASA) bəyanat yayıb.
Bu barədə ASA-dan AZƏRTAC-a verilən məlumatda bildirilir.
Bəyanatda deyilir ki, Azərbaycanın və qonşu dövlətlərin ərazi bütövlüyünə göz dikən və onilliklərboyu tarixi saxtalaşdıraraq qeyri-sağlam düşüncə tərzinə əsaslanmaqla işğalçılıq və separatçılığı öz dövlətinin başlıca siyasətinə çevirmiş erməni vandalları növbəti dəfə, sentyabrın 27-də ölkəmizə qarşı hərbi təxribata əl atıb, döyüş mövqelərimizi, yaşayış məntəqələrimizi şiddətli artilleriya atəşinə məruz qoyaraq dinc sakinlərimizi qətlə yetirib, mülki obyektlərimizə zərər vurublar.
Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Şanlı Ordumuzun, qəhrəman əsgərlərimizin sərt cavabı ilə düşmənə sarsıdıcı zərbə endirilib, düşmən öz layiqli cavabını almaqdadır.
Ölkəmizin siyasi gücü, hərbi potensialının dayaq nöqtələrindən biri də onun iqtisadi qüdrətidir. Regionun ən güclü iqtisadiyyatına sahib olan Azərbaycan dövləti reallaşdırılan bütün əhəmiyyətli layihələrdə söz sahibidir. Güclü iqtisadiyyata, irihəcmli strateji valyuta ehtiyatlarına, dayanıqlı maliyyə-bank sisteminə malik olan ölkəmiz istənilən həmlələrin öhdəsindən gəlmək qüdrətinə sahibdir. Ermənistanın isə işğalçılıq siyasətini davam etdirməsi onu regionun bütün böyük iqtisadi layihələrindən kənarda qoyub və onun iqtisadiyyatını tənəzzülə sürükləyib.
Fəaliyyət göstərdiyi bütün dövrlərdə Azərbaycan Banklar Assosiasiyası öz üzvləri ilə birlikdə bir çox mürəkkəb vəziyyətlərlə qarşılaşıb, bank icması hər zaman dövlətimizin yanında olub, Prezident İlham Əliyevin ətrafında sıx birləşib və ölkə başçısının, Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısını daim hiss edib.
Ölkənin bank icması bütün resursları ilə dövlətimizin, ölkə rəhbərliyinin hər zaman yanındadır. Əminik ki, Ali Baş Komandanın əmri ilə hərəkətə keçmiş Şanlı Ordumuz tez bir zamanda torpaqlarımızı mənfur düşmənlərdən birdəfəlik təmizləyərək regionda sülhün və dirçəlişin əsasını qoyacaq, cəmiyyətimizin birliyi və dəstəyi ilə xalqımız bu sınaqdan da şərəflə çıxacaq və gələcək nəsillərə xoşbəxt günlər bəxş edəcək.
Var olsun Azərbaycan!

2020-10-01 16:11:00