×
A
A
A
Sazlamalar

Qərb bölgəsində ilk dəfə olaraq Tovuzda badamın kütləvi yığımına başlanılıb VİDEO

Tovuz, 1 oktyabr, Ruslan Novruzoğlu, AZƏRTAC

Qərb bölgəsində ilk dəfə olaraq Tovuzda badamın kütləvi yığımına başlanılıb. Meyvə bağından yüksək məhsul götürən təsərrüfat sahibləri növbəti ildə badam bağının sahəsini bir qədər də artırmaq niyyətindədirlər.
AZƏRTAC xəbər verir ki, bu ildən qərb bölgəsinin bazarlarında yerli badamın satışı həyata keçiriləcək.
Badam ləpəsi yağlılığına və yüksək qidalılığına görə qiymətləndirilir. Bunu nəzərə alaraq Tovuzda bir neçə il öncə badamın İspaniyadan gətirilən sortundan bağ salan fermerlər indi onun bəhrəsini görürlər. Yığımın nəticəsi onu deməyə əsas verir ki, məhsuldarlıq yaxşıdır. Gənc fermer Rəşad Cəfərov badam ağacının 6 ildən sonra məhsuldarlığa düşdüyünü deyib. “Üç hektar badam bağımız var. Tovuz rayonunda ilk dəfədir əkilib. Burada 5-6 yaşında olan ağaclar var. Əkdiyimiz ağacların tingləri İspaniyadan gətirilib. Məhsulun təxminən 20 faizi qoşaləpəli olur”, – deyə fermer bildirib.
Rəşad Cəfərov vurğulayıb ki, badam nə qədər çox saxlanılarsa, bir o qədər də baha qiymətə satılır. Amma yığıldıqdan sonra quruduqda çəkisini itirir. Badamı 3 ilədək saxlamaq olur. Hazırda bazarlarda badamın qiyməti 3-4 manatadır. Dekabra qədər saxlanıb satıldıqda isə 6-7 manat olacaq.
İnsan orqanizmi üçün olduqca xeyirli olan badamın ləpəsində 60-70 faizə qədər yağ, 25 faizə qədər zülal, 10 faizədək şəkər və müxtəlif vitaminlər var. Əl ilə yığılan bu bitkinin meyvəsi bir neçə gün qurudulandan sonra satışa çıxarılır.

Kənd təsərrüfatı 2020-10-01 12:39:00

Video