×
A
A
A
Sazlamalar

Oktyabrda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir

Bakı, 30 sentyabr, AZƏRTAC 

Oktyabr ayında gözlənilən hava proqnozu açıqlanıb. Havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal edilir. Oktyabrın birinci ongünlüyünün ilk günlərində əsasən şimal və qərb rayonlarında şimşək çaxacaq, arabir yağış yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 15-17° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 11-16°, gündüzlər 20-24° isti, üçüncü ongünlüyün bəzi günlərində 15-18° olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 26-40 millimetr) olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 13-16° isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr temperaturun 6-11°, gündüzlər 23-28°, bəzi günlərdə 18-23° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 19-32 millimetr) olacağı bildirilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperatur 7-11° isti olacaq. Bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 3-8° isti, bəzi günlərdə 0-2° şaxta, gündüzlər 8-13°, bəzi günlərdə 0-3° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 49-56 millimetr) olacağı ehtimal edilir.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 13-16° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr temperaturun 11-16°, gündüzlər 18-23°, bəzi günlərdə 16° dərəcəyədək isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 31-61 millimetr), bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 11-14° isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 7-12°, dağlarda 0-5° isti, bəzi günlərdə 2-5° şaxta, gündüzlər 15-20° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 34-126 millimetr) proqnozlaşdırılır.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperatur 15-17° isti olacaq. Bu da iqlim norması daxilindədir. Gecələr temperaturun 11-16°, gündüzlər 19-24°, bəzi günlərdə 16°-dək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 37-54 millimetr), bəzi yerlərdə isə bir qədər çox olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 11-16° isti olacağı ehtimalı var. Bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 8-13°, dağlarda 3-7° isti, bəzi günlərdə 0°-yə yaxın, gündüzlər 17-22° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 96-274 millimetr) gözlənilir.

Ekologiya 2020-09-30 18:38:00